“Davos forumu dünyada ölkəmizlə ikitərəfli əməkdaşlığa yüksək maraq olduğunu bir daha göstərdi” – RƏY + FOTO

Dünya

“Davos forumu dünyada Azərbaycanla ikitərəfli əməkdaşlığa yüksək maraq olduğunu bir daha göstərdi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün dünyada böyük diqqətlə izlənilən, çox sayda qonağın iştirakı ilə həyata keçirilən ən mötəbər tədbirlərdən biri Davos forumudur:

“Forum 130 ölkədən 2700 tanınmış şəxsin, eyni zamanda 52 dövlət, hökumət başçısının iştirakı ilə baş tutdu. Forum müxtəlif vacib görüşlərin keçirilməsi üçün münbit şərait yaradır. Prezident İlham Əliyevin Davos forumundakı iştirakı yüksək səviyyəli görüşlərlə yadda qaldı. Bu həm Prezident İlham Əliyevin şəxsiyyətinə marağın, həm də onun nüfuzunun və ona olan rəğbətin göstərcisidir”.

“Prezident İlham Əliyev burada 8 qlobal şirkətin rəhbər şəxsləri, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşüb. Bununla yanaşı, dövlət başçımızın Latviya, Litva, Xorvatiya, Monteneqro, Hollandiya dövlət və hökumət başçıları ilə də görüşləri olub. Prezident həmin görüşlər zamanı regionda baş verən proseslər, Ermənistanın destruktiv mövqeyi, eyni zamanda iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına yaratdığı maneələrə geniş toxunub. Həmçinin Laçın yolunda yaranmış vəziyyətlə bağlı real durumu qeyd etdi və aksiyanın sərvətlərimizin talanmasına, davam edən ekoterrora qarşı olduğunu bir daha vurğuladı”, – deputat qeyd edib.

C.Məmmədov bildirib ki, Ermənistan tərəfi Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq olunmasına çalışır:

“Lakin Davos forumu göstərdi ki, dünyada Azərbaycana böyük maraq var. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Həmçinin Ukrayna-Rusiya müharibəsi fonunda Azərbaycanın logistik əhəmiyyəti günbəgün artmaqdadır. Azərbaycanın Çinlə artan istiqamətdə davam edən əməkdaşlığı əsas müzakirə mövzularından biri oldu. Prezidentin Çin televiziyasına verdiyi müsahibədə səsləndirilən fikirlər ikitərəfli əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Ölkə başçısı Çin və Azərbaycanın “Bir kəmər – bir yol” layihəsi çərçivəsində də uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Bütün bunlar onu göstərir ki, Azərbaycanın dünya siyasətində böyük yeri və xüsusi çəkisi var. Bu gün Azərbaycan dünyanın müxtəlif güc mərkəzləri ilə qarşılıqlı əməkdşalıq etməklə yanaşı, eyni zamanda Qoşulmama Hərəkatına da iki ildir uğurla sədrlik edir”.