Qazaxıstanda Rusiyadan uzaqlaşma və Qərblə yaxınlaşma meyilləri – “Kaspi”nin TƏHLİLİ + FOTO

Dünya

Ölkənin siyasi rəhbərliyi Rusiyadan uzaqlaşma və Qərblə yaxınlaşma siyasəti yürütməyə başlayıb. Astana Rusiyadakı ticarət nümayəndəliyini bağlamaq qərarı verib. Hakimiyyətə bağlı partiyanın sədri ölkənin əsas prioritetinin Avropa İttifaqına üzvlük olduğunu bəyan edib. Rusiyalı politoloqlar isə bu addımlarına görə Qazaxıstanı təhdid ediblər. 

Kaspi qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ukraynada müharibə uzandıqca, Qərbin Rusiyaya qarşı təzyiqi də artıb. Müharibə Rusiya ilə tərəfdaş olan ölkələrə də təsirsiz ötüşməyib. Buna görə də Rusiya ilə sıx iqtisadi əməkdaşlıq edən ölkələr çıxış yolları aramağa məcbur olub. Bu da postsovet məkanında Rusiyadan uzaqlaşma meyillərini artırıb. Postsovet ölkələri hesab edirlər ki, Rusiyadan nə qədər uzaqlaşsalar və yaxud bitərəf qalsalar, bir o qədər də təhlükəsizliklərini, iqtisadi rifahlarını təmin etmiş olacaqlar. Maraqlıdır ki, bu ölkələr sırasına son illərə kimi Rusiya ilə münasibətləri az qala strateji müttəfiqlik həddində olanlar da daxil olub. Məsələn, Qazaxıstan. Son vaxtlar bu ölkədə Rusiyadan uzaqlaşma və Qərblə yaxınlaşma meyilləri hiss olunub. Qazaxıstanın “İkinci Ukrayna”ya çevrilmək ehtimalları o qədər güclənib ki, Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı ayrıca bəyanatla çıxış etməli olub. Bəyanatda xüsusi vurğulanıb ki, iki ölkə arasında əlaqələr strateji və müttəfiqlik münasibətlərinə əsaslanır və hər hansı bir müdaxilədən söhbət gedə bilməz.

Lakin Rusiya siyasiləri, mediası Qazaxıstanı hədəfə almaqda davam edib. Onlar bildiriblər ki, rəsmi Astana Rusiya ilə münasibətlərə sadiq olduğunu bildirsə də, Qərblə də əməkdaşlığı genişləndirməkdə maraqlı görünür. 

Müxalif partiya sədri: “Yolumuz Avropa olmalıdır”

Məsələn, ölkənin müxalifət partiyası kimi təqdim olunan “Ak Yol” Partiyasının lideri Azat Peruaşevin səsləndirdiyi bəyanat Rusiya mediasında, siyasi dairələrində ciddi rezonans doğurub. Partiya sədri qeyd edib ki, Qazaxıstanın hədəfləri Avropa İttifaqına üzvlük olmalıdır. Onun sözlərinə görə, növbəti qurultayda rəhbərlik etdiyi təşkilat Avropa inkişaf yolunu seçəcək.

Qeyd edək ki, “Ak Yol” özünü “konstruktiv müxalifət” kimi göstərən sağçı siyasi partiyadır, parlamentdə öz fraksiyası var. Üzvlərinin sayı 200 mini keçib. Partiyanın lideri qeyri-adi və bəzən emosional açıqlamaları ilə tanınır. Məsələn, Nursultan Nazarbayev 2019-cu ildə ölkə prezidentliyindən istefa verdiyini elan etdikdən sonra bu barədə jurnalistlərin suallarını cavablandıran Peruaşev kamera qarşısında göz yaşı töküb. Bu, sosial şəbəkələrdə çoxlu istehzalı şərhlərə səbəb olub. Bəziləri onun partiyasını hakimiyyətin layihəsi hesab edib. Bu səbəbdən də çoxları onun səsləndirdiyi fikirlərin məhz sifariş olduğunu düşünüb.

Rusiyadakı ticarət nümayəndəliyinin fəaliyyəti dayandırılıb

Yeri gəlmişkən, Qazaxıstan Rusiyada ticarət nümayəndəliyini ləğv etmək barədə də qərar verib. Bu qərar Rusiyada şok effekti yaradıb. İzahat qeydində deyilib ki, qətnamənin qəbulu üçün əsas kimi Qazaxıstan Baş nazirinin 24 yanvar 2023-cü il tarixli 12-11/B-70 saylı göstərişi götürülüb. Hökumət başçısının sərəncamının mətni ictimaiyyətə açıqlanmayıb. Bundan əlavə, izahat qeydində bildirilib ki, sənədin qəbulu “mənfi sosial-iqtisadi və hüquqi nəticələrə səbəb olmayacaq”, həmçinin “layihənin müddəaları milli təhlükəsizliyin təmin edilməsinə mənfi təsir göstərməyəcək”. Qətnamə layihəsi 2023-cü il fevralın 15-dək ictimai müzakirədə olacaq. Rusiya mediası yazıb ki, bu qərar siyasi dairələrdə Astananın Qərbə doğru növbəti addımı və Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalardan qaçmaq istəyi kimi qiymətləndirilib. Maraqlıdır ki, ticarət missiyasının bağlanması ilə bağlı sənəd Rusiya baş naziri Mixail Mişustinin Qazaxıstana səfəri ərəfəsində ortaya çıxıb. Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi bildirib ki, bu qərar dövlət qurumlarının işinin optimallaşdırılması və yüksək qiymət artımı fonunda qəbul edilib. 

Rusiyalı ekspertlər Qazaxıstanı hədələməyə başlayıblar

Etno-Milli Strategiyalar Agentliyinin direktoru, professor Aleksandr Kobrinski Qazaxıstanda ölkəni Rusiyadan uzaqlaşdırmağa çalışan nüfuzlu qüvvələr olduğunu bildirib. Onun fikrincə, bu, heç bir yaxşı nəticələrə səbəb olmayacaq.

İctimai Diplomatiya və Dünya Siyasətinin Təhlili Mərkəzinin rəhbəri, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Aleksandr Vorobyov da bildirib ki, “Qazaxıstanın Rusiyadakı ticarət missiyasının bağlanması iqtisadi addımdan daha çox siyasi motivli tədbirdir”. Onun sözlərinə görə, hazırda Rusiya Qazaxıstanın ən böyük ticarət-iqtisadi tərəfdaşıdır. Bu amilləri nəzərə alsaq, satış ofisinin bağlanması, yumşaq desək, qəribə görünür və çətin ki, bunu sadəcə olaraq “kadrların optimallaşdırılması” ilə izah etmək mümkün olsun. Ekspert vurğulayıb: “Aydındır ki, bu gün Qazaxıstan hakimiyyəti Qərbin güclü təzyiqi altındadır. Lakin bu vəziyyəti təkcə bununla izah etmək mümkün deyil. Qazaxıstanın Rusiyadan indiki yumşaq sürüşməsinin səbəbi – ölkənin rəvan siyasi və iqtisadi yönümünü dəyişmək cəhdidir”.

“Rusiyanın güc yolu ilə regional lider olmaq istəyi əks-effekt verir” 

Politoloq Konstantin Kalaçev isə bu qənaətdədir ki, Qazaxıstan Moskva üçün strateji tərəfdaş kimi qalır. Bununla paralel olaraq rəsmi Astananın Çin və Aİ ilə münasibətləri inkişaf etdirmək istəməsi də kifayət qədər ağlabatandır. Belə bir istəyə hörmət edilməlidir. Politoloq qeyd edib ki, Vladimir Putinin Rusiyanı güc yolu ilə regional lider kimi təqdim etmək istəyi əks-effekt verir. Ənənəvi olaraq iqtisadi və siyasi cəhətdən Rusiyaya bağlı olan Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri getdikcə ondan qaçır və digər dövlətlərlə – Türkiyə, Fars körfəzinin monarxiyaları, Avropa İttifaqı, hətta ABŞ ilə münasibətlər qururlar.