Peskov Putinin prezident seçkilərində iştirakı ilə bağlı sualı cavablandırıb

Dünya

Rusiya Prezidenti Vladimir Putin hələ 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı niyyətləri barədə danışmayıb.

Bu barədə onun mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu barədə bəyanat eşitmisiniz? Mən də eşitməmişəm”, – deyə Peskov Putinin seçkilərdə iştirak edib-etməyəcəyinə qərar verib-verməməsi ilə bağlı sualı cavablayıb.

Belə bir bəyanatın nə vaxt verilə biləcəyi ilə bağlı suala Peskov – “Bilmirəm”, – deyə cavab verib.

Fevralın 21-də Putin Federal Məclisə müraciətində 2023-2024-cü illər üçün nəzərdə tutulan seçkilərin, o cümlədən prezident seçkilərinin ciddi qanunlara uyğun və bütün demokratik prosedurlara uyğun keçiriləcəyini bildirib.

Qanuna görə, Putin 2024-cü ildə yeni prezidentlik müddətinə namizədliyini irəli sürmək hüququna malikdir. 2020-ci ilin dekabrında keçirilən böyük mətbuat konfransında prezident seçkilərə gedib-getməyəcəyinə hələ qərar vermədiyini qeyd edib.

2018-ci ildə keçirilən əvvəlki prezident seçkiləri öncəsi Putin namizədliyini irəli sürmək niyyətini üç aydan bir qədər çox öncə – 2017-ci ilin dekabrında bəyan etmişdi.

Mənbə: TASS