Tarixin 286-cı “El-Klassiko”su: Üstünlük kimdədir? – STATİSİKA

Dünya

Bu gecə bütün dünya futbolsevərlərinin diqqəti İspaniyaya yönələcək.

Oxu.Az xəbər verir ki, paytaxt Madriddə tarixin 286-cı “El-Klassiko”su baş tutacaq. Əzəli rəqiblər – “Barselona” və “Real”ın əvvəlki 285 görüşündə üstünlük kataloniyalılardadır.

“Barsa” indiyə qədər 118 qələbə qazanıb. 105 görüşdə Madrid təmsilçisi üstün olubsa, 62 qarşılaşmada qalib müəyyənləşməyib. “Barselona”nın 496 qoluna “Real” 462 dəfə cavab verə bilib.

285 matçın 251-i rəsmi xarakter daşıyıb. Bu görüşlərdə isə üstünlük madridlilərdədir – 101 qələbə. Katalonlar 98 oyunda qalibiyyətə seviniblər. 51 matç sülhlə yekunlaşıb. Topların nisbətində (419:412) “Real” üstündür.

Qeyri-rəsmi “El-Klassiko”larda isə “Barselona” daha öndədir. O, 34 qarşılaşmanın 20-də qələbə qazanıb. “Real”ın cəmi dörd qalibiyyəti var. 10 görüş heç-heçə bitib. “Barsa” 84, “kral klubu” 43 qol vurub.

İspaniya Kuboku qarşılaşmalarına gəlincə, burada da “Barselona”nın daha çox qələbəsi var. Komanda 35 qarşılaşmanın 15-ni qalib bitirib. “Real” 12 qələbəyə sevinib və səkkiz oyunda güclünü müəyyənləşdirmək mümkün olmayıb. İspaniya Kuboku duellərində “Barselona” 67, “Real” 65 qol vurub.

Bu gecə keçiriləcək “El-Klassiko” Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Vaqif Verdiyev