Ukraynada müharibəyə qatılan döyüşçü ailə: “Ölkəmizi azad görmək istəyirik” – FOTO/VİDEO

Dünya

Rusiyanın Ukraynaya hücumundan artıq bir ay keçib. Ukraynada davam edən müharibə fonunda ölkənin müdafiəsinə hərbçilərlə yanaşı, mülki insanlar da qatılıblar. Doğma torpaqlarının müdafiəsi uğrunda döyüşənlərdən biri də Vasilçenko ailəsidir.

“Report”un Şərqi Avropa bürosunun əməkdaşı Kiyevin müdafiəsinə qatılan Vasilçenko ailəsi ilə həmsöhbət olub.

Söhbət zamanı məlum olub ki, şəhər sakini Aleksandr Vasilçenko və xanımı Darina Vasilçenko müharibəyə qədər mülki həyatda öz peşə fəaliyyətləri ilə məşğul olublar.

Əslən kiyevli olan cütlük müharibə başlayan gündən silaha sarılıb. Ər-arvad birgə doğma şəhərlərinin müdafiəsinə qatılıblar və aktiv döyüşlərdə iştirak edirlər.

Darinanın döyüş yoluna nəzər saldıqda məlum olub ki, o, düşmənin canlı qüvvəsini də məhv edib.

Aleksandr bildirib ki, 2014-cü ildə də silah götürüb müharibəyə qoşulub: “O vaxt səfərbərlik elan edilmişdi, bir il orduya cəlb olundum, sonradan Kiyevə qayıtdım. İndi artıq müharibə mənim şəhərimə də gəlib deyə yenə silaha sarıldım. Artıq Luqansk vilayətini deyil, öz şəhərimi qoruyuram. Mən ölkəmi azad görmək istəyirəm. Bu dəfə şəhərimizi artıq həyat yoldaşımla birgə müdafiə edirik”.

Üç ildir evli olduğunu bildirən Aleksandr deyib ki, onların bir övladı var və müharibəyə qatılmaqla onu da qoruyurlar.

Darina isə vurğulayıb ki, müharibə başlayanda sakit otura bilməzdi: “Mən də ərimlə birgə öz ölkəmin müdafiəsinə qatılmışam. Çünki özümdə bu gücü hiss edirəm. Əhvalımız pozitivdir, biz qələbəyə inanırıq. Hesab edirəm ki, rusları ölkəmizdən qovmaq üçün bizə bir az da vaxt lazımdır. Çünki bunun üçün hər şeyimiz var, əsas da ruh yüksəkliyi. Hesab edirəm ki, bizdə hər şey alınacaq, əsas hövsələ lazımdır”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir