Urmiya gölü niyə quruyur: Qəsd, yoxsa səriştəsizlik? – MÜSAHİBƏ

Dünya

“Unutmaq olmaz ki, Cənubi Azərbaycan strateji bir mövqedə yerləşir və oranın etnik tərkibini dəyişdirmək üçün ciddi siyasi proseslər gedir. Urmiya gölünün quruması probleminin yenidən gündəmə gəlməsi ilə bölgədə stabillik yenidən təhlükə altındadır. Orada yaşayan yerli xalq, yəni azərbaycanlılar, müdafiəsiz qalıb. Dövlət, bəlkə də, gölün qurumasından Cənubi Azərbaycanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasını nəzarət altında saxlamaq üçün vasitə kimi istifadə edə bilər”.

Bu fikirləri Oxu.Az-a müsahibəsində İranın daxili siyasəti üzrə ekspert Duman Radmehr deyib. 

Ekspertlə Urmiya gölünün quruması problemi, bunun siyasi-iqtisadi və ekoloji səbəbləri ilə əlaqədar söhbət etdik. Sözügedən müsahibəni təqdim edirik:

– Urmiya gölünün quruması Cənubi Azərbaycanın gündəmini zəbt edən məsələlər sırasında ilk yerdədir. Urmiya niyə quruyur?

– Urmiya gölünün qurumasının əsas səbəblərindən biri İrandakı idarəetmə sisteminin mərkəzdən kənardakı insanlara özgə kimi baxmasıdır. Sistem eyni zamanda qeyri-elmi işləyir, yəni məsələlərə davamlı yanaşma yoxdur. Etirazları yatırmaq üçün günlük həll yolu tapır, ona görə də bu, bir müddətdən sonra öz təsirini itirir. Digər tərəfdən, sistem azərbaycanlılara qarşı etnik ayrı-seçkilik edir və özündən saymır. Qeyri-fars olan millətlərə qarşı aparılan belə siyasətin bir təzahürü də Urmiya gölünün qurudulmasıdır. 

– Gölün quruması etnik ayrı-seçkiliklə necə əlaqələndirilir?

– Urmiya gölünün quruması məsələsini tam aydın şəkildə analiz etmək üçün 30 il əvvələ qayıtmaq lazımdır. 30 il əvvəl tikinti üzrə mafiya qruplaşmaları dövlətdən bəzi şəxslərlə əməkdaşlıq etdilər. Onlar sözügedən regionda hər bir çayın üzərində bir sədd tikdilər ki, bu sədlərin əsas hədəfi əkinçilik üçün suvarmanı təmin etmək idi. Beləliklə, Urmiya gölünə axan çaylar üzərində qurulmuş 70-ə yaxın sədd gölə axan suyun qarşısını aldı. Gölə sadəcə daşqınlar zamanı suyun buraxılmasına icazə verirdilər.

Otuz il əvvəldən artıq məsələnin ciddi olduğunu başa düşən ictimai fəallar, yerli əhali bu məsələ ilə bağlı etirazlara başladı, lakin bir fayda olmadı. Dövlətlə əlbir olan bu mafiyalar və eyni zamanda əkin sahələrini buradan su ilə təmin edən insanlar bu məsələni ört-basdır etdilər. 

– İnsanlar gölün qurumağa başladığının fərqinə necə vardılar?

– Quruma o qədər şiddətlənmişdi ki, gözlə görülürdü, ölçməyə ehtiyac yox idi. Gölün ətrafına yaxınlaşanda quruyan hissələr gözə çarpırdı. Gölün qurumasına qarşı ən ciddi etirazlar İranın sabiq prezidenti Mahmud Əhmədinejadın dövründə başladı. Güney Azərbaycan Milli Hərəkatının fəalları bu məsələni mənimsədilər və etiraz dalğaları daha da böyük kütləni özündə cəmləyə bildi. Rəsmi Tehran etirazları milli təhlükəsizlik məsələsi kimi qələmə verib etirazçıları həbs etdi və qarşısı güc tətbiq edilərək alındı. Bu zaman etirazçılar arasında ölənlər də oldu. 

– Bəs ölkədə hansısa siyasi şəxs məsələni gündəmə gətirib?

– İranın sabiq prezidenti Həsən Ruhani prezidentliyə namizədliyi zamanı təbliğat-təşviqat kampaniyasında Urmiya gölünün quruması problemini qabartdı. Belə ki, hökumətin iclasında birinci məsələ Urmiya gölü haqqında oldu. Urmiya ilə bağlı komitə yaradıldı ki, məsələni həm elmi cəhətdən araşdırsın, həm də problemin qarşısının alınması üçün lazım olan büdcəni təyin etsin. Bir neçə universitetlə də problemin həll edilməsi üçün işlər aparıldı, maliyyə ayrıldı.

Etiraf etmək lazımdır ki, Urmiya gölünə axan çayların üzərindəki bir çox sədlərin fəaliyyəti dayandırıldı. Bölgədə olan əkinçilərin qaçaq quyuları dolduruldu ki, onlar yeraltı suyu çəkməsinlər. Bir tərəfdən də əkinçilik modeli dəyişdirildi. Yəni bu ərazilərdə çox su tələb edən yox, daha az su sərfiyyatı ilə əldə edilə biləcək məhsullar becərilməyə başlanıldı. Suvarma sistemlərinin modernləşdirilməsi üçün dövlət kreditlər də verirdi. Ruhaninin səkkiz illik prezidentliyinin son dönəmlərində yağıntıların artması ilə göl bir qədər canlandı. 

– Gölün quruması problemi yenidən necə gündəmə gəldi?

– Rəisinin prezident seçilməsi ilə görülən işlər davam etdirilmək əvəzinə, yarımçıq saxlanıldı. Yaradılan komitənin də artıq yerlərdə sözü keçmirdi. İranda sədlərə nəzarət Energetika Nazirliyi tərəfindən aparılır. Onlar gölün sənədlərlə hökumət tərəfindən təsdiq edilən su haqqını belə, verməməyə başladılar. Çaylardan gölə suyun gətirilməsi üçün olan layihə də dayandırıldı. Bir tərəfdən də yağıntıların da azalması gölün qurumasına gətirib çıxarıb. Qeyd edim ki, Urmiya gölü indiyə qədər heç bu dərəcədə qurumayıb. 

– Dövlət qəsdənmi gölün quruması istəyir, yoxsa Urmiyanın qurumasının qarşısını almaqda acizdir?

– Bunu demək çətindir. Çünki bunun qəsdən edilməsi ilə bağlı heç bir sübutumuz yoxdur. Otuz illik bir problemdən və onun həlli yollarının araşdırılmasından danışırıq. Lakin məsələnin həlli ola biləcək mülahizələrə dövlət tərəfindən qarşı çıxılır. Məsələn, bu gün gölün xilas edilməsi üçün yaradılan komitənin rəhbəri Kələntəri deyir ki, həmişə gölün quruması problemini qabardıb. O bildirir ki, həmin bölgədə əkinçilik modeli dəyişdirilməlidir. Burada püstə kimi su sərfiyyatı az olan bitkilərin əkilməsinin gərəkdiyini vurğulayıb. Lakin bu fikirlərlə razılaşmayıblar.

Həmçinin lazımi problemin həlli üçün büdcədən maliyyə ayrılmır. Problemin yaranmasına qəsdən səbəb olmasalar da, bu gün gölün qurtarılması üçün də ciddi səy yoxdur. Unutmaq olmaz ki, Cənubi Azərbaycan strateji bir mövqedə yerləşir və oranın etnik tərkibini dəyişdirmək üçün ciddi siyasi proseslər gedir. Əgər belə olmasaydı, indiyə kimi gölün qurumasının qarşısını almaq üçün ciddi işlər görülə bilərdi.

Aysel Aslanqızı

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir