Fransanın ən yüksək mükafatını alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ + FOTO

Dünya

O, Fransa Prezidenti Emmanuel Makronun fərmanı ilə ölkənin ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Fəxri Legion” ordeni, Prezident İlham Əliyev tərəfindən isə “Dostluq” ordeni ilə təltif olunub.

Söhbət Azərbaycan əsilli tanınmış musiqiçi, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyevadan gedir. 

Adilə Əliyeva karyerasının dönüş nöqtələri barədə Oxu.Az-ın suallarını cavablandırıb.

– Uzun müddətdir ki, Fransada yaşayırsınız. Necə oldu ki, oraya köçmək qərarına gəldiniz?

– Bakı şəhərində doğulmuşam. Paytaxtda təhsil alırdım, sonra Moskvaya köçdüm. Moskva Dövlət Konservatoriyasını oxudum və oranı əla qiymətlərlə bitirdim. Orada tanınmış professorların sinfində oxumuşam. Bizə məşhur pianoçu Henrix Qustavoviç Neyqauzun assistenti Malinin və başqaları dərs deməyə başladılar. Sonra mən “Azkonsert”in solisti oldum, o kollektivlər çox qastrollarımız oldu. Daha sonra “Roskonsert”in solisti oldum və konsertlərlə bütün ölkəni gəzdim və xaricə getdim. O vaxt Moskvada yaşayırdım.

Xeyli rus və əcnəbi bəstəkarlarla tanış oldum. Əlbəttə ki, azərbaycanlı bəstəkarları – Arif Məlikovu, Firəngiz Əlizadəni, Tofiq Quliyevi, Rauf Hacıyevi, Cövdət Hacıyevi, Azər Dadaşovu və digərlərini tanıyırdım. Bir çox bəstəkarlar mənə əsərlər yazmışdılar, bəziləri ilə birlikdə işləmişdik. Üstəlik, mən özüm konservatoriyada bəstəkarlığı da öyrənirdim. 

Mən Moskvaya köçüb “Roskonsert”in solisti olanda biz “Rusiyanın ulduzları” adlı ansambl yaratdıq. Oraya ən yaxşı orkestrlərin solistləri, Moskva Dövlət Konservatoriyasının professorları və digər gözəl musiqiçilər daxil idi. Həmin vaxt mən oradakılardan cavan olsam da, ansamblın rəhbəri məni seçmişdilər. Mən Fransaya köçənə qədər biz uğurla fəaliyyət göstərirdik, qastrola gedirdik. Orada Lev Mixaylov vardı, əla klarnet-saksofon ifaçısı idi, əfsanəvi kontrabas ifaçısı Rodion Azarxin də bizim kollektivdə idi. 

Fransaya getməyim qəfil alındı. Biz konsert vermək üçün Fransa və İsveçrəyə getmişdik. Orada bir müddət işlədim. Fransada, Ansi şəhərindəki Böyük Teatrda konsert verirdim. Həmin konsertə şəhərin meri, eyni zamanda, nəqliyyat və kommunikasiya naziri Bosson da gəlmişdi. O mənə iş və bir növ Fransa vətəndaşlığı təklif etdi. Əlbəttə, mən ona təşəkkür etdim, çünki o vaxt sovet vətəndaşlığım vardı. 

O konsert də xeyriyyə xarakterli idi, xeyli adam vardı, musiqi məktəbi üçün pul toplayırdılar. Mənim xaricdəki həyatım belə başladı. Əvvəl İsveçrə, sonra Fransa. Mən həmin o Ansidəki musiqi məktəbində işləməyə başladım. Eyni zamanda, İsveçrədəki Sankt-Qallendəki konservatoriyada dərs deyirdim. Çox çətin idi, çünki tam iki gün İsveçrədə işləyirdim. Şənbə günü isə Ansiyə gəlir və bütün gün işləyirdim.

Eyni zamanda, İsveçrədə konsert fəaliyyətimi davam etdirirdim. Sonra belə oldu ki, işimi dayandırdım, Ansidəki uşaqlar artıq məşğul olmaq üçün evimə gəlməyə başladılar, İsveçrədə isə tam konsert fəaliyyətinə keçdim. Mən İsveçrədə “Gallo” səsyazma şirkəti ilə müddətsiz müqavilə bağladım. Orada xeyli ifam yazılıb. Başqa şirkətlərlə də əməkdaşlıq edirəm. 

– Avropada bizim musiqini necə qəbul edirlər? 

– Skandinaviya ölkələrinə çox gözəl qastrollarım olub. Tez-tez Finlandiya, Danimarka, Norveç, İsveçə, demək olar ki, hər yana getmişəm. Çox gözəl yerlərdir. Onlar klassik musiqini hədsiz sevirlər. Orada da xeyli ifamı yazdırmışam. Əsasən radiolarda, özü də klassik bəstələrlə yanaşı, azərbaycanlı bəstəkarların əsərlərini də.

Çünki radio həmişə yeni və keyfiyyətli musiqiyə maraq göstərir. Mən də böyük qürurla Azərbaycan bəstələrini İsveçrədə, Fransada, ABŞ-da, konsert və ustad dərsləri keçdiyim əksər ölkələrdə lentə aldırmışam. Konsert və ustad dərslərim də xeyli ölkədə baş tutub və xaricdəki tələbələrin məndən nəyisə öyrəndiklərinə görə qürur hiss keçirirəm. 

Fransa hökuməti mənə musiqi müsabiqəsi təşkil edib ona elə öz adımı verməyimi təklif etdi. Əlbəttə ki, razı oldum, mənim üçün bu, böyük şərəfdir. O vaxt mənim Fransa vətəndaşlığım, şəxsiyyət vəsiqəm yox idi, ancaq onu da qısa müddət ərzində verdilər.

Əsərlərini ifa etdiyim bəstəkarlardan biri Fransada musiqi sahəsində böyük nüfuz sahibi olan müsyö Marsel Landovski həm Fransa İnstitutunun kansleri, həm də Jak Şirakın dostu idi. O mənim haqqımda: “Bu qız bizim əsrimizin ən yaxşı ifaçısıdır, əminəm ki, elə növbəti əsrin də”, – deyə yazmışdı.

Bundan sonra Fransa vətəndaşlığım barədə sənədləri qısa müddət ərzində mənə təqdim etdilər. Necə deyərlər, musiqi həmişə kömək edir, ruhlandırır, musiqi, əlbəttə ki, zəhmətdir, özü də şərəfli zəhmət. O, Allahdan gəlir və mən Yaradana məni belə bir istedadla mükafatlandırdığı üçün minnətdaram ki, insanlara sevinc bəxş edə bilirəm.

– Vatikanda konsert vermisiniz. Dünyanın ruhani mərkəzlərinin birində hiss etdiklərinizi bizimlə bölüşün. 

– Azərbaycan musiqisi çox gözəldir və onu sevə-sevə, asanlıqla hər yanda ifa edirəm. İnsanlar onu çox gözəl qəbul edirlər. Vatikanda da, İngiltərədə də, ABŞ-da da, hər yanda bizim musiqiləri ifa edirəm. Əsasən Vaqif Mustafazadənin, Arif Məlikovun, Tofiq Quliyevin, Sevda İbrahimovanın, Azər Dadaşovun xeyli əsərini ifa edirəm. ABŞ-da da, digər ölkələrdə də tənqidçilər müsbət rəylər, fikirlər bildirirlər. 

– Fransada Musiqi Akademiyasının direktorusunuz. Eyni mövqedə təklif gəlsə, Azərbaycana qayıdarsınızmı? Şuşada akademiyanın filialını açmaq istərdinizmi?

– Bəli. Ali Musiqi Akademiyasının. Əlbəttə, mən burada da elə birini yaratmaq istərdim, ancaq hər şey məndən asılı deyil. Amma belə bir fikir var. Azərbaycanın digər ölkələrlə gözəl əlaqələri var. Mən də öz tərəfimdən Fransada, İsveçrədə həmişə cəhd edirəm ki, studiyalarda, radioda Azərbaycan musiqilərini yazdırım. 

– Torpaqlarımız Vətən müharibəsi ilə düşməndən azad olunduqdan sonra dünya ictimaiyyətinə müraciət edərək, digər ölkələrin mədəniyyət və incəsənət təmsilçilərini Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını ziyarət etməyə, erməni işğalçılarının törətdikləri dağıntıların dəhşətli miqyasını görməyə dəvət etmişdiniz. Bununla bağlı geri dönüşlər ala bildinizmi?

– Diasporla İş üzrə Dövlət Komitəsi Fuad Muradovun başçılığı ilə əla işlər görür. Bilirsiniz, müharibə vaxtı ikinci cəbhə, yəqin ki, Fransada, ümumiyyətlə, xaricdə açılmışdı. Çünki xaricdə, xüsusilə Fransada erməni diasporu çox güclüdür. Onlar hər yanda çoxdurlar. Burada Dövlət Komitəsi yerlərdə böyük işlər görür, insanlar plakatlarla küçəyə, piketlərə çıxırlar, KİV-də çıxışlar edirlər.

Mən özüm də jurnallarda, İsveçrədə çox məşhur olan qəzetdə məqalələr yazaraq Azərbaycanın mövqeyini müdafiə edirdim, ermənilərin şər-böhtanından qorumağa çalışırdım. Hesab edirəm ki, iş çox gözəl qurulmuşdu, gördüyünüz kimi, biz qalib gəldik, Allaha şükür, Şuşa bizimdir, ümid edirəm ki, yaxınlarda ədalət tam qələbə çalacaq. 

– Aprel ayında Prezident İlham Əliyevin sərəncamı ilə “Dostluq” ordeni ilə də mükafatlandırılmısınız. 

– Mən buna görə Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm. Bu mənim üçün böyük sürpriz oldu. Bu insanı çox sevirəm, o, böyük, ölkəsinə qələbə qazandıran, diplomatik, hərbi, siyasi – hər sahədə onu qalib edən bir insandır. Ümumiyyətlə, bu, möhtəşəm ailədir, Heydər Əliyevdən başlamış Mehriban Əliyevaya qədər. Mehriban xanım bizim müsabiqəyə də kömək edir. Hər bir iş yüksək səviyyədə icra edilir. Həmin ordeni Fuad Muradov mənə təqdim etdi.

– Bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makronun fərmanı ilə “Fəxri Legion” ordeni ilə də təltif olunmusunuz.

– Bəli. Hazırda Fransanın “Fəxri Legion” ordeninin “cəngavəri”yəm. İyulda, Respublika Günü münasibətilə Emmanuel Makron bu ordeni mənə təqdim etdi. Buna çox sevindim və şərəf duydum.

Hesab edirəm ki, bu, Azərbaycanla Fransanın əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək. Çünki İlham Əliyev də mənə “Dostluq” ordenini xalqlar arasında dostluğun möhkəmləndirilməsinə görə verib. Belə də olmalıdır. İnsanlar dostluq etməlidirlər. Çünki bu, müqəddəs bir işdir.

Biz hamımız davamlı, möhkəm sülh istəyirik ki, işləyək, yaradaq, uşaqları öyrədək, sevimli işlərimizlə məşğul olaq, ailə quraq – bunlar müqəddəs işlərdir. Hesab edirəm ki, müqəddəs sülh Allahın əlindədir və biz onun bərqərar olması üçün öz tərəfimizdən əlimizdə olan az imkanlarımızdan belə, yararlanaraq bacardığımız hər şeyi etməyə çalışacağıq. 

İlhamə Əbülfət

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir