Türkiyədə Qədr gecəsində içki qədəhi ilə foto paylaşan şəxsin məhkəməsi keçirilib

Dünya

Türkiyədə məhkəmə Qədr gecəsində sosial şəbəkələrdə içki badəsi ilə şəklini paylaşan Onur adlı kişiyə verilən cəzanı ləğv edib.

Belə ki, bir neçə ay əvvəl baş tutmuş məhkəmədə prokuror Türkiyə qanunvericiliyinin “İctimaiyyət tərəfindən mənimsənilmiş dəyərləri açıq-aşkar təhqir etmək” maddəsini əsas götürərək təqsirləndirilən şəxsə 1 il 6 ay müddətində həbs cəzası verilməsini istəyib.

Növbəti məhkəmə iclasında hakim hökm oxuyub. Qədr gecəsində içki ilə foto paylaşan və fotoya “Rəbbim qəbul etsin” şərhini yazan kişiyə şəxsə 3 ay 22 günlük həbs cəzası kəsilib. 

Lakin mühakimə olunan şəxs qərardan apelyasiya şikayəti verib.

Apelyasiya məhkəməsi isə təqsirləndirilən şəxsin əvvəllər məhkumluğunun olmadığını, iclasdakı davranışını nəzərə alaraq əvvəl çıxarılan hökmü ləğv edərək Onuru azadlığa buraxıb.

Mənbə: Anadolu