Daha bir təhlükəli kompüter oyunu yayılmaqdadır: “Xəstə ruhlu aşiq” – FOTO

Dünya

“Yandere Simulator” adlı kompüter oyunu dünyada həyəcan təbilinin çalınmasına səbəb olub.

İki il əvvəl gəncləri intihara sövq etdiyi səbəbilə böyük müzakirələrə səbəb olan “Mavi balina”ya bənzər bu oyun mütəxəssislərdə narahatlıq yaradıb.

“Yandere” sözünün hərfi mənası “xəstə ruhlu aşiq” deməkdir. “Yandere Simulator” oyununda da əsas personaj qeyri-sağlam, normal olmayan hisslərlə sevdiyi oğlanı digər qızlara qısqanır. Buna görə də ona yaxınlaşan qızları öldürür və qətlin bütün dəlillərini məhv edir.

Öldürmə rejimi seçilməzsə, oyunçunun qarşısına digər qızların söhbətlərinə qulaq asmaq, fotoşəkillərini çəkmək və yaymaq kimi iyrənc üsullarla rəqiblərini oyundan kənarlaşdırmaq məqsədi qoyulur. Ayaqyolunda, hovuzda və ya idman zalında həyata keçirilən cinayətlərin mükafatı isə qazanılan “etibar” olur.

Oyunla bağlı ABŞ məhkəmə orqanları tərəfindən də tez-tez xəbərdarlıq verilir.

Həmçinin bu il noyabrın 30-da Türkiyənin Mersin şəhərində məktəb tualetində sinif yoldaşı olan qızı öldürən şagirdin də oyundan təsirlənmiş ola biləcəyi iddia edilir.

Türkiyəli psixiatr Armağan Samancının fikrincə, bu cür oyunlarda “Qazanmaq üçün nə etsən, məqbuldur” düşüncəsi ilə cəmiyyətdə yaxşı şəxsiyyətlər yetişdirmək anlayışı məhv edilir. Bu da aqressivliyə meyilli fərdləri pis əməllərə sövq edə və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Armağan Samancı bildirib ki, virtual dünya idarə olunması çox çətin bir dünyadır. Lakin real həyat kimi qanunlara və qaydalara uyğun olmalıdır.

Türkiyəli hüquqşünas Fadime Polat isə bu oyunun son dərəcə təhlükəli olduğunu qeyd edir. Onun fikrincə, bu tətbiq oyun marketlərindən silinməli və ya oyuna giriş bloklanmalıdır.

Mənbə: Haber Global