Millət vəkili: “Mixail Delyaginə cinayət işi açılması hüququn aliliyi adına mühüm addımdır”

Hüquq

Rusiya Dövlət Dumasının deputatı Mixael Delyaginin sərsəmləmələrini həm bu ölkə Prezidentinin sözçüsü, həm də Rusiyanın Azərbaycandakı səfirliyi vasitəsi ilə Xarici İşlər Nazirliyi pisləyərək rədd etdilər. Üzr videosundan da gördüyümüz kimi, Delyagin yerinə oturduldu. Əlbəttə, Rusiya tərəfinin bu operativ reaksiyası təqdirəlayiq olmaqla, müttəfiqlik münasibətimizin ruhuna uyğun davranış kimi yüksək qiymətləndirilməlidir”.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Mixael Delyaginin çıxışı özlüyündə təcavüzə və terrorçuluğa açıq çağırış, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mahiyyəti daşıdığı üçün ictimai formada səsləndirildiyi andan cinayət əməli törədilmiş olub.

“Bu mənada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2, 214.2.3, 283.2.1 və 283.2.2-ci maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunması hüququn aliliyi adına mühüm addımdır. Eyni zamanda nəzərinizə çatdırım ki, ictimai formada yayımlanan bu fikirlər həm də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2 və 354-cü maddələri başda olmaqla cinayətlərin məcmusu üzrə cinayət məsuliyyəti yaradır. Bizim Məcəllənin 12.2-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda bizim Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər. İndi əlbəttə, Rusiya tərəfi həmin əməllərə görə vətəndaşını özü cəzalandırmazsa, təbii ki, Delyagin barəsində müvafiq hüquqi prosedurlar həyata keçiriləcək və buna da heç kimin şübhəsi olmasın. Eyni zamanda baş verənlər Rusiya Azərbaycan müttəfiqlik münasibətlərinə kölgə salmamalıdır, çünki Delyagin Rusiya demək deyil. Rusiya dövlətinin mövqeyini isə dövlət rəsmiləri aydın formada ifadə etdilər”, – deyə B.Məhhərəmov qeyd edib.

Xəyalə Bünyatova

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir