Mahiri Türkiyədə nə gözləyir? – Emrelinin “Konyaspor” perspektivi

İdman

Mahir Emreli 2021-ci ilin yayında “Qarabağ”dan “Legiya”ya keçəndə ondan gözləntilər böyük idi. Millinin forvardının Polşadan daha yüksək səviyyəli liqalara (ən çox Bundesliqanın adı çəkilirdi – red.) üz tutacağına inam var idi. Onda bu potensial da görünürdü. Mahir özü də tez-tez mətbuata “Legiya”ya tramplin kimi baxdığını deyirdi.

Varşavada hər şey onun üçün yaxşı başlamışdı. Xüsusən avrokuboklarda qollarını sıralayan hücumçu “Lester”, “Napoli” kimi komandaların qapısına yol taparaq, tezliklə azarkeşlərin sevimlisinə çevrilmişdi. Hətta fanatlar onu qəhrəmana çevirib, “polyaklaşdırıb” ləqəb də taxmışdılar: “MaHEROwski”.

Vəziyyət tez dəyişdi. Elə azarkeşlərin komandanın avtobusuna hücumundan sonra Mahir qalmaqallı şəkildə “Legiya”dan ayrılıb Zaqreb “Dinamo”suna üz tutdu. Xorvatiya paytaxtında isə, ümumiyyətlə, heç nə alınmadı. Forvard gah zədəli oldu, gah xəstələndi, gah başqa problem çıxdı ortaya – ya zəlzələdən, ya vəlvələdən heç cür “Dinamo”nun əsas heyət üzvünə çevrilə bilmədi. Obrazlı ifadə etsək, “MaHEROwski” “MaHEROviç”ə çevrilməyi bacarmadı.

Azarkeşlərin ironik şəkildə “yavaş-yavaş qayıdır” deyə reaksiya verdikləri “Konyaspor” transferi Mahir üçün geri addımdır. “Legiya”nı “Dinamo”ya dəyişmək deyildi, amma Konya klubuna keçmək, həqiqətən, belədir. Lakin…

Emrelinin yenidən özünü göstərib diqqət çəkmək fürsəti var. “Konyaspor” da əslində bunun üçün münasib komandadır.

“Ağ-yaşıllar” hücum xəttində ciddi problemlər yaşayırlar. Komanda bu mövsüm Super Liqada cəmi 24 qol vura bilib. Bu da turnirdə 19 kollektiv arasında ən zəif 4-cü göstəricidir.

Deməli, “Konyaspor”un, həqiqətən, hücumçuya ehtiyacı var. Bu baxımdan, Mahirin şans qazanmaq, özünü göstərmək fürsəti olacaq.

Komandanın irəli xətt oyunçuları qeyri-məhsuldar mövsüm keçirirlər. “Anadolu qartalı”nın bombardiri 35 yaşlı Mame Diuf cəmi 7 qol vura bilib. Digər hücumçu – 31 yaşlı Muhammet Demir isə 5 dəfə fərqlənib. Sokol Çikalleşi və Uçe İkpeazu heyətə düşməkdə çətinlik çəkir. Onlar şans qazandıqları matçlarda da komandaya fayda verməyi bacarmayıblar. Əlavə olaraq, “Konyaspor”un vingerləri də məhsuldar mövsüm keçirmirlər.

Bu qış “Konyaspor”a baş məşqçi təyin edilən Aleksandar Stanoyeviç 4-2-3-1 taktiki sxeminə üstünlük verir. Serbiyalı mütəxəssis komandanı 3 oyunda məhz bu düzülüşlə meydana çıxarıb. Formasiya Mahir üçün yad deyil. O, “Qarabağ”da Qurban Qurbanovun rəhbərliyi altında məhz bu taktiki sxemdə oynayaraq püxtələşib. Stanoyeviçin komandasında Mahirə həm hücumun mərkəzində, həm də hər iki cinahda yer olacaq. Düzdür, o, mərkəz forvardı kimi az qol vurmayıb, ancaq xüsusilə Türkiyədə vinger kimi daha effektiv ola bilər.

Super Liqada müdafiəçilər rəqib forvardlara qarşı çox sərt oynayırlar. Bu səbəbdən komandalar irəli xətdə əsasən cüssəli, fiziki güclü hücumçuların olmasına üstünlük verir. Bu isə Mahirin heç də ən yaxşı xüsusiyyəti deyil. O, daha çox texniki bacarıqları, sürəti ilə diqqət çəkib. Belədə, 25 yaşlı oyunçu üçün ideal variant hücumun cinahlarında oynamaq olardı.

Türkiyədə futbolçulara ən çox təsir edən məqamlardan biri tribunalardır. Hətta bir çox ulduz oyunçu da məhz azarkeşlərin təzyiqi ilə istədiyi futbolu oynaya bilməyib. Ancaq bu da Mahirə problem yaratmamalıdır. Çünki o, onsuz da Polşa, Xorvatiya kimi ağır atmosferi olan liqalalarda çıxış edib və Türkiyəyə öyrəşməsi çətin olmamalıdır.

Sadəcə, Mahir azarkeşlərlə münasibətlərində həssas davranmalıdır. 1-2 yaxşı oyundan sonra fanatlar onu qəhrəman elan edə də bilərlər, hər hansı qeyri-dəqiq zərbəsinə görə düşmənə çevirə də. Türkiyədə futbol çox danışılır, çox müzakirə edilir. O, mətbuata açıqlamalarında da xüsusi diqqətli olmalıdır. “Legiya” nümunəsindəki kimi “Konyaspor”u tramplin hesab etdiyini desə, azarkeşlərlə ulduzu barışmayacaq və tezliklə “arzuolunmaz şəxs”ə çevriləcək.

Ümumən, konyalıların hücum xəttindəki hazırkı performansını, komandanın mövcud durumunu nəzərə aldıqda, Mahirin ən azı kifayət qədər şansının olacağını demək olar. Bundan necə istifadə edəcək? – bu, özündən asılıdır.

Emreli artıq “Konyaspor”da debüt edib. O, “Afyonspor”a qarşı yoxlama matçında (1:0) 45 dəqiqə şans qazanıb və fərqlənə bilməyib. Görüşü izləmək imkanımız olmadığı üçün necə çıxış etdiyini demək də mümkün deyil.

Mahirin Super Liqada debütü isə hələ bir az da ləngiyəcək. O, bu gün “Fənərbağça”ya qarşı səfər matçında meydana çıxa bilməyəcək. Əslində fevralın 6-da keçirilməli olan, Türkiyədə zəlzələ baş verdiyindən təxirə salınan qarşılaşmada yalnız planlaşdırılan ilk tarixə qədər qeydiyyatdan keçirilən futbolçular oynaya bilərlər. Mahir isə fevralın 14-də “Konyaspor”a keçib.

Növbəti rəqib autsayderlərdən “Giresunspor”dur və əslində, ilk oyunu “Fənərbağça”dansa belə komandaya keçirmək daha məqsədəuyğundur.

Azərbaycan futbolu adına ümid edək ki, Mahir bu dəfə performansı ilə azarkeşləri yanıldacaq, yaxına gəlməyib, Avropanın daha güclü klublarına gedəcək. Ya da ən azı Super Liqanın böyük komandalarının diqqətini çəkəcək. Bunun üçün yetəri potensial var.

Vaqif Verdiyev