İkiqat Azərbaycan çempionu: “Karyeramı bitirməyimi dost-tanışdan da gizlətmişdim”

İdman

“Karyeramı bitirməyimi daha sonra elan etmək istəyirdim. Heç dost-tanışa da bu barədə deməmişdim, gizlətmişdim. Elə oldu ki, B məşqçilik kateqoriyası aldıq. Ona görə də dedilər ki, futbolçu karyeranı bitirmək lazımdır və bu da bu gün “Neftçi” ilə oyundan əvvəl rəsmi şəkildə açıqlanmalı idi. Onu da dünən sizin sayt ictimaiyyətə açıqlayaraq bütün sirri yaydı”.

Bunu Oxu.Az-a azərbaycanlı futbolçu, karyerasını 37 yaşında başa vuran Ruslan Əmircanov deyib.

Adını “Şamaxı”ya dəyişən “Keşlə” klubunun veteran cinah müdafiəçiləri – Ruslan Əmircanovla Rail Məlikov bu gün Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində saat 14:00-da başlayacaq “Şamaxı” – “Neftçi” oyunundan öncə karyeralarını rəsmən başa vuracaqlar. Ruslanın sözlərinə görə, artıq klubla məşqçilik müqaviləsi də bağlayıb:

“Raillə mən neçə vaxtdır ki, komandada baş məşqçi Sənan Qurbanovun köməkçiləri kimi çalışırdıq. Ancaq bu, qeyri-rəsmi idi. Çünki adımız çempionata futbolçu kimi sifariş olunmuşdu. Amma 20 gün olar ki, klubla futbolçu müqaviləm pozulub. Yeni müqavilədə məşqçi kimi göstərilmişəm. Müqavilənin müddəti cari mövsümün sonunadəkdir. Şamaxıdakı ilk oyunda klub rəhbərliyi tərəfindən bizə nəsə xatirə formaları təqdim olunacaq və bununla da karyeramızı bitirməyimiz rəsmiləşəcək”.

Qeyd edək ki, Ruslan Əmircanov karyerası ərzində “Ümid”, “Ədliyyə”, “Karvan” (Yevlax), “Standard” (Sumqayıt), “Neftçi”, “İnter”, “Qəbələ”, AZAL, “Səbail”, “Keşlə” klublarında çıxış edib. Əmircanov 2010/11 və 2011/12 mövsümündə “Neftçi” ilə ardıcıl iki dəfə Azərbaycan çempionu, 2020/21 mövsümündə “Keşlə” ilə ölkə kubokunun qalibi olub. Maraqlıdır ki, məhz o, çempion olduğu “Neftçi” ilə görüşdən öncə futbolla vidalaşacaq. Ruslan 2008-ci ildə debüt etdiyi milli komandada beş oyun keçirib.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir