Anastasiya Mum: “Məni Azərbaycanda “Nərgiz” deyə çağırırlar” – MÜSAHİBƏ

İdman

Azərbaycanın ağırlıqqaldırma üzrə millisinin xanım üzvü Anastasiya Mumun Oxu.Az saytına müsahibəsi.

– Siz bu ayın əvvəlində 71 kq çəki dərəcəsində Azərbaycan çempionatında çıxış etdiniz və ölkə çempionu oldunuz. Rəqiblərə qalib gəlmək asan oldu, deyəsən…

– Bəli, dopinqə düşməyimdən – təxminən beş ildən sonra bu, mənim ilk çıxışım idi. Dopinqə düşdükdən sonra heç bir yarışda çıxış edə bilməmişdim. Çünki pandemiya olduğu üçün ötən il Azərbaycan çempionatı keçirilməmişdi və beynəlxalq yarışlara getməmişdik. Asanlığa gəlincə, bəli, o qədər də çətinlik çəkmədim. Ancaq mənim üçün idmanda əsas start dünya və Avropa çempionatları, həmçinin Türkiyədə keçiriləcək İslam Həmrəylik Oyunları olacaq.

– Mayın 28-də Albaniyanın paytaxtı Tiranada Avropa çempionatı keçiriləcək. Onda sizin təbirinizlə desək, ilk yarışınız qitə çempionatı olacaq?

– Hələ heç nə bilinmir. Çünki milli komandanın təlim-məşq toplanışı başlanmayıb. Amma bu ölkə çempionatı milli komandanın tərkibini müəyyənləşdirmək üçün keçirilib.

– Siz əvvəl İbrahimli soyadı ilə çıxış edirdiniz. Azərbaycan çempionatında sizi Mum soyadı ilə gördük. Həyatınızda nə yenilik olub?

– Məsələ burasındadır ki, mən 2017-ci ildə Bakıda keçirilmiş İslamiadadan sonra – Ramazan ayı başa çatdıqdan sonra ailə həyatı qurdum. Bir mərakeşli ilə evləndim. Artıq bizim bir oğlumuz da var (gülür).

– Mərakeşli ilə? Onunla necə tanış oldunuz?

– Ərim Hişam Mum Bakıda turizm sahəsində işləyir. Mənim kimi ağırlıqqaldırma ilə məşğul olurdu, Mərakeş millisinin üzvü idi. 13 avqust 2017-ci ildə bizim toyumuz oldu, bir gün sonra bilindi ki, məndə dopinq tapılıb. Mən də kobud desəm, dopinqə düşmüş biri kimi heç kimə lazım deyildim, işsiz idim. Ona görə ərim mənə baxmaq üçün burada qaldı və özünə iş tapdı. Əslində onun karyerasını davam etdirməsini istəyirdik. Lakin görünür, Allah bizə belə məsləhət gördü.

– 2018-ci ilin noyabrında sizin xlorometiltestosteron (turinabol) maddəsindən istifadə etdiyiniz və dörd il müddətinə cəzalandırıldığınız açıqlandı. Dopinqə düşməyiniz necə oldu?

– İslamiadaya qədər WADA (Ümumdünya Antidopinq Agentliyi) məndən üç dəfə dopinq testi götürmüşdü. Hamısında “təmiz” çıxmışdım. İslamiadadan sonra AMADA-ya (Azərbaycan Milli Antidopinq Agentliyi) verdiyim test isə pozitiv çıxdı. Onlar İslamiadanın bağlanış mərasimindən iki gün sonra səhər saat 7-də məndən test götürdülər. Onda mən oruc idim. Bu qərardan sonra mənim bütün həyatım dəyişdi.

– Bunda özünüzdə də günah görürsünüz?

– Mən heç nə qəbul etməmişdim. Dediyim kimi, İslamiadaya qədər məndən götürülən üç test neqativ çıxmışdı. Dopinq çıxanda özüm də çox təəccüblənmişdim. Bilmirəm, bu, bəlkə də hansısa “oyun”un tərkib hissəsi idi. Ancaq Allah hər şeyi görür.

– Dopinqdən sonra sizin karyeranızı bitirdiyiniz də yazılmışdı…

– Bunu jurnalistlər fikirləşmişdilər. Mən heç vaxt bu barədə danışmamışam. Sadəcə olaraq, heç kim inanmırdı ki, mən yenidən qayıdıb idmana davam edəcəyəm. Çünki yaş amili və dörd illik cəza onlara belə deməyə əsas verirdi. Ancaq mən ərə getdim, uşaq doğdum, indi də idmana qayıtmışam. Ümumiyyətlə, baş verənlərə görə heç də şikayətlənmirəm. Əlhəmdülillah, deməli, belə olmağı məsləhət imiş. Bəzən nəsə baş verəndə şikayətlənirik ki, niyə belə oldu. Ancaq daha sonra başa düşürsən ki, bəlkə də dopinqə düşməsəydim, ailə qurmayacaqdım, may ayında üç yaşı tamam olacaq uşağımı dünyaya gətirməyəcəkdim. Əsas məsələ ailədir ki, o da məndə var. Bu da mənə idmanla məşğul olmağa güc verir. Yəqin, Allahın məsləhəti belə imiş. Heç kimə belə bir tale arzulamıram. Bəlkə də kimsə mənim durumumda olsaydı, idmançı karyerasını başa vurmuşdu. Bütün yaxşı idmançılarda belə enişli-yoxuşlu anlar olur.

– Sizin dörd illik cəzanız 2021-ci il avqustun 14-də başa çatıb?

– Tamamilə doğrudur.

– İslamiadada qazandığınız qızıl medalı qaytardınız?

– Bəli. Bizim Ağır Atletika Federasiyası medalı aldı. Ancaq qorxulu heç nə yoxdur. İnşallah, mən bu medalı avqustda geri qaytaracağam. Əgər Allah bunu mənim alnıma yazıbsa, bu, mütləq olacaq. Həmin yarışa az qalıb.

– Ramazan ayı boyunca məşq keçmək çətinlik yaratmır?

– Hazırda mən oruc tuturam. Buna baxmayaraq, həftədə üç dəfə məşq edirəm. Orucluq başa çatdıqdan sonra tam güclə məşqlərə başlayacağam. Bundan başqa, “Gənclik”dəki evimin yaxınlığındakı fitnes zallarından birində təlimçi-məşqçi kimi də işləyirəm. Çünki idman həyatı bir az sabit deyil. Çempion olanda, medal qazananda hamı üçün yaxşısan. Amma səndə dopinq çıxanda və ya zədələnəndə heç kimə lazım olmursan, ailəndən başqa yanında heç kim qalmır. Ona görə də ehtiyat variant kimi özümə iş axtarıb tapdım.

– Son olaraq soruşmaq istəyirəm. Sizin Qazaxıstandan olduğunuzu və əsl soyadınızın İbrahimli yox, Şvabauer olduğunuzu bilirik. Azərbaycanda çıxış etmək və soyadınızı bizim soyadlara uyğun seçmək variantı necə yarandı?

– Soyad barədə heç nə deməyəcəyəm. Bu, sirdir (gülür). Səhv etmirəmsə, 2013-cü il idi, Bakıya istirahət etməyə gəlmişdim. Burada tanışım vardı. Mən bunadək Qazaxıstan adından çıxış edib, gənclər arasında dünya çempionu olmuşdum. Çıxışımı görmüşdülər deyə təklif olundu ki, burada qalım. Mən də razılaşdım. Şvabauer soyadına gəlincə, mənim əslim Almaniyadandır. Yaxın qohumlarımdan orada yaşayan var. Yeri gəlmişkən, adımın qısaltması Nastya olduğundan, məni “Nərgiz” deyə çağırırlar. Bu da mənim xoşuma gəlir (gülür).

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir