Bir xala qane olmayan “Mançester Siti” onu da əldən verdi – VİDEO

İdman

İngiltərə Premyer Liqasının XIV turunda “Mançester Siti” öz meydanında “Brentford”la qarşılaşıb.

Oxu.Az xəbər verir ki, oyunda hesabı qonaqlar açıb.

İvan Toni 16-cı dəqiqədə fərqlənərək komandasını hesabda önə çıxarıb.

“Mançester Siti” ilk hissəni geridə bitirməmək üçün hücumlarının kəsərini artırıb. Bunun da nəticəsində ilk yarının əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə hesab bərabərləşib. Fil Foden qol sevinci yaşayıb.

İkinci hissədə meydan sahibləri üstün tərəf olsalar da, bunu hesabda əks etdirmək çətin olub.

Bununla belə, öz meydanında bərabərliklə razılaşmaq istəməyən “Mançester Siti” qarşılaşmanın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə bütün komanda ilə hücuma atılıb. Lakin bu, onlar üçün arzuolunmaz sonluqla nəticələnib.

Belə ki, 90+9-cu dəqiqədə küncdən zərbə zamanı əks hücumda rəqibini azlıqda tutan “Brentford” öz mövqeyinə yerləşməkdə çətinlik çəkən müdafiənin çaşqınlığından istifadə edərək qələbə qolunu vurub. Bu dəfə də İvan Toni adını tabloya yazdırıb.

Bu, “şəhərlilər”in 14-cü oyunda ikinci məğlubiyyəti kimi qeydə alınıb.