Mərkəzi Bankda kapital bazarının bu il üzrə prioritetləri müzakirə edilib – FOTO

İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı (AMB), Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjası (BFB) kapital bazarında 2022-ci il üzrə görülmüş işləri, bazar infrastrukturunun müasirləşdirilməsi kimi aktual məsələləri, habelə 2023-cü il üzrə prioritetləri müzakirə edib.

Bu barədə AMB sədri Taleh Kazımov özünün “Twitter” hesabında yazıb.

“MDM, BFB və investisiya şirkətlərinin rəhbərləri ilə görüşümüz keçirilib. Görüşün məqsədi kapital bazarında 2022-ci il üzrə görülmüş işlərin, bazar infrastrukturunun müasirləşdirilməsi kimi aktual məsələlərin, habelə 2023-cü il üzrə prioritetlərin müzakirəsindən ibarət idi.

Görüşdə 2022-ci il ərzində Mərkəzi Bank tərəfindən qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üzrə çoxşaxəli tədbirlər barədə məlumat verilib”, – T. Kazımov bildirib.

Onun sözlərinə görə, iştirakçılar ilə investisiya şirkətlərinin rəqabətyönümlü fəaliyyətinin təşviqi, bankların kapital bazarında birbaşa iştirakı, qlobal depozitarlarla əlaqələrin qurulması, bazar iştirakçılarının kapital adekvatlığı tələbləri mövzularında fikir mübadiləsi aparılıb.