Azərbaycan ölkəni “alternativləşdirir” – ŞƏRH

İqtisadiyyat

Martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Bu, Azərbaycanın “yaşıl enerji”yə keçidində yeni mərhələdir. Burada iki istiqamət diqqət çəkir:

1. Azərbaycan xarici sərmayələrlə prosesi inkişaf etdirir,

2. İşğaldan azad edilmiş ərazilər də alternativ enerji mənbələri üçün potensial məkandır.

İqtisadçı ekspert Eldəniz Əmirov Oxu.Az-a deyib ki, Qaradağda Günəş stansiyasına çəkilən xərc uzağı iki il ərzində öz geridönüşünü təmin edəcək.

O hesab edir ki, alternativ enerji mənbələri təbii qaza olan tələbatı da azalda bilər.

“Bu stansiyanın işə salınması ildə 110 milyon kubmetr qaza qənaət olunmasına gətirib çıxaracaq. Bu isə 165 milyon dollar deməkdir”, – deyə ekspert bildirib.

“Masdar” 30-dan artıq ölkədə çalışır. Şirkətin məqsədi Günəş enerjisi texnologiyalarını dünyanın bir çox ölkəsində tətbiq etməkdən ibarətdir.

Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılmasını qarşıya məqsəd qoyub.

Eldəniz Əmirov bildirib ki, sözügedən stansiyanın tikintisinin 225 milyon dollara başa gəlməsi planlaşdırılır.

“Əgər hər şey plana uyğun gedərsə, bu stansiyanın təcrübəsi həm də regionlara yaxşı bir nümunə olaraq yayıla bilər”, – deyə o əlavə edib.

Ekspert düşünür ki, həmin stansiya həm də yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq:

“Bu addımın digər müsbət tərəfi isə hər stansiya üzrə 50-dək insanın daimi iş yeri ilə təmin edilməsi olacaq. Qaradağ Günəş Stansiyası fəaliyyətə başlayandan sonra atmosferə 200 milyon ton karbon emissiyasının atılmasının qarşısı alınacaq”.

İqtisadçı qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkə üzrə alternativ enerji atlasının hazırlanmasına başlanılıb.

“Azərbaycanın bütün coğrafiyası üzrə hansı ərazilərdə alternativ enerji potensialları varsa, müəyyənləşdiriləcək və həmin məsələlər enerji atlasında əks olunacaq. Daha sonra xarici və yerli investorlar, eləcə də dövlət investisiyaları layihələri şəklində alternativ enerji potensialından istifadənin daha kütləvi şəkildə aktiv fazaya keçidinə başlanılacaq.

İşğaldan azad edilmiş ərazilərdə də alternativ enerji mənbələrinin yaradılması üçün böyük potensial mövcuddur. Respublikanın əraziləri boyunca mövcud resurslardan alternativ enerji hasil edə biləriksə, bunun regionun enerji təchizatında fasiləsizliyin təmin olunmasına, regionlarda uzun məsafələr üçün yaradılmalı olan infrastruktur xərclərinə qənaət edilməsinə, atmosferə atılan karbon emissiyalarının azalmasına və s. müsbət təsirləri olacaq”.

Eldəniz Əmirovun fikrincə, ənənəvi enerji istehsalçıları, o cümlədən neft-qaz şirkətləri öz fəaliyyətini korrektə edərək tədricən “yaşıl” enerji şirkətinə çevriləcəklər.

Aqşin Kərimov

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir