“AmCham” prezidenti: “Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələr yeni mərhələyə qədəm qoyub”

İqtisadiyyat

“Azərbaycan ilə ABŞ arasında iqtisadi əlaqələr dinamik inkişaf edərək yeni mərhələyə qədəm qoyub”.

Bunu “Trend”ə müsahibəsində Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) prezidenti Nərgiz Nəsrullayeva deyib.

O qeyd edib ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.

“30 illik müddət ərzində Azərbaycan və ABŞ arasında münasibətlər müxtəlif sahələri əhatə edib. Ölkələrimiz arasında iqtisadiyyat, enerji, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq əlaqələri möhkəmlənib. Bu tərəfdaşlığın ilkin mərhələsində, 1996-cı ildə Azərbaycanda Amerika Ticarət Palatası yaradıldı, hansı ki, fəaliyyətinin ilk günlərindən iki ölkənin biznes strukturları arasında iqtisadi əlaqələrin qurulmasına kömək etdi. Bu gün Palata Azərbaycan iqtisadiyyatının 19 sektorunu təmsil edir və Azərbaycanda biznesin “səsi” olmaqla 250-dən çox şirkəti birləşdirir ki, burada ABŞ və Azərbaycan kapitalı ilə yanaşı, transmilli korporasiyalar da təmsil olunur. ABŞ daim Azərbaycanda və Xəzər hövzəsinin digər regionlarında neft və qaz yataqlarının işlənməsinə dəstək verib. Azərbaycanın neft və qaz ehtiyatları Avropa və digər bazarlara çıxarılır, bu da öz növbəsində iqtisadi inkişafa, qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir”, – deyə Nəsrullayeva bildirib.

“AmCham” prezidentinin sözlərinə görə, ötən illərdə Oklahoma və İllinoys ştatlarında ABŞ və Azərbaycanın siyasətçiləri və kənd təsərrüfatı istehsalçılarını bir araya gətirən kənd təsərrüfatı forumları keçirilib.

“Bu tədbirlərin keçirilməsində məqsəd ABŞ-ın iri kənd təsərrüfatı ştatlarının kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən iş adamları ilə azərbaycanlı sahibkarlar arasında əməkdaşlığın qurulması, heyvandarlığın inkişafı üçün kənd təsərrüfatı sektorunda tətbiq olunan yeni üsullarla tanışlıq, orta və iri təsərrüfatları idarə etmək və məhsuldarlığı artırmaq, dənli və paxlalı bitkilərin müasir üsullarla becərilməsi məsələlərinin müzakirəsidir. Biz son illərdə Azərbaycanda fəaliyyət göstərən iri amerikalı investorların və transmilli şirkətlərin nümayəndələri üçün də ABŞ-a işgüzar səfər təşkil etmişik. Bu səfər çərçivəsində nümayəndə heyəti Konqres üzvləri və ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirib. Səfərin əsas məqsədi ABŞ tərəfini Azərbaycanda mövcud iqtisadi vəziyyət, biznes imkanları və investorlar üçün əlverişli şərait haqqında məlumatlandırmaq olub. İclaslarda son illər ölkədə baş verən müsbət dəyişikliklər (hansı ki, Azərbaycanın “Doing Business” və “Qlobal rəqabətqabiliyyətlilik” reytinqlərində daha yüksək mövqe tutmasına imkan yaratdı), müzakirə olunub.

ABŞ-ın müstəqil analitik mərkəzinin təşəbbüsü ilə “Xəzər Siyasi Mərkəzi” Azərbaycan və ABŞ arasında ticarət, infrastrukturun inkişafı və enerji tərəfdaşlığı sahəsində əlaqələrin müzakirəsi və inkişafına həsr olunmuş bir sıra tədbirləri də qeyd etmək istərdim”, – deyə o bildirib.

Nəsrullayeva qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı “AmCham” həm müstəqil, həm də digər biznes birlikləri ilə birgə Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən bəyanatlar verib, dövlət başçısına və ölkə xalqına dəstəyini ifadə edib, Ermənistanın Azərbaycana qarşı təcavüzkar hərəkətlərini kəskin şəkildə pisləyib. O qeyd edib ki, müharibə başa çatdıqdan sonra “AmCham” bu istiqamətdə dəstəyini davam etdirib, Prezident İlham Əliyev tərəfindən YAŞAT Fondunun yaradılmasını alqışlayıb və fonda müəyyən yardımlar edib.

“Vurğulamaq lazımdır ki, Amerika şirkətləri həmişə Azərbaycanda öz bizneslərini genişləndirməkdə maraqlı olub. Buna misal olaraq erməni işğalından azad edilmiş Ağdam şəhərinə Qarabağın Dirçəliş Fondu ilə birgə təşkil etdiyimiz səfərləri göstərmək olar, burada şirkətlərimizə bu bölgəyə mümkün investisiyalar üçün potensial şərait haqqında geniş məlumat verilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, o cümlədən enerji infrastrukturunun yenidən qurulması, həmçinin regionda su, günəş və külək enerjisinin geniş potensialı, Prezident İlham Əliyevin tapşırığı ilə burada “yaşıl” enerji zonası yaratmaq planları və ümumən bu sahədə həyata keçirilən tədbirlər təşkilatımızın üzvlərinin xüsusi diqqət mərkəzindədir”, – deyə Nəsrullayeva vurğulayıb.

O, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini və bu baxımdan işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsində mühüm rol oynadığını qeyd edib.

“Hesab edirik ki, ticarət missiyaları və digər birgə fəaliyyətlər Amerika-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafına töhfə verir və potensial investorların ölkəmizdə mövcud olan iqtisadi imkanlara marağını artırır. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində 200-dən çox ABŞ şirkətinin olması faktı (o cümlədən, sənaye, kənd təsərrüfatı, tikinti, xidmət və digər sahələrdə), həmçinin iki ölkə arasında son illərlə müqayisədə ticarət dövriyyəsinin həcminin artması ölkəmizlə ABŞ arasında ticarət-iqtisadi əlaqələrin yüksək səviyyəsindən danışmağa əsas verir. Azərbaycan ABŞ ilə ticari-iqtisadi əlaqələrin inkişafında maraqlıdır və əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atır.

Ölkəmizdə ABŞ şirkətlərinin sayı və bununla bağlı göstəricilər daha da arta bilər. Hesab edirəm ki, hazırda bunun üçün əlverişli iqtisadi mühit mövcuddur və xarici investisiyaların iqtisadiyyata cəlb edilməsi ölkəmizin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycanda iqtisadi inkişaf və sabit siyasi vəziyyət xarici dövlətlərin ölkəmizin iqtisadiyyatına uzunmüddətli investisiya qoyuluşlarına marağını daha da artırıb.

2022-ci il iki ölkə arasında iqtisadi əlaqələrin yeni dövrünü açacaq, biz həmçinin investisiya imkanlarının və ümumilikdə ticarət nailiyyətlərinin artacağını proqnozlaşdıra bilərik. İnanırıq ki, yaxın gələcəkdə bu işlərin müsbət nəticələrinin şahidi olacağıq və ABŞ şirkətlərinin ölkə iqtisadiyyatında rolunun artmasına nail olacağıq”, – Nəsrullayeva bildirib.

O qeyd edib ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycan ilə ABŞ arasında iqtisadi əlaqələr daha da genişlənməyə başlayıb.

“Ölkələrimiz investisiya sahəsində uğurla əməkdaşlıq edir və onların əsas həcmi məhz neft-qaz sektorunun payına düşür. Beləliklə, Azərbaycan iqtisadiyyatının bu sektorunda ABŞ-ın investisiyalarının həcmi 12,8 milyard dollar təşkil edib və ümumilikdə bu rəqəm 14 milyard dollara çatır.

Enerji sektorunda həyata keçirilən irimiqyaslı layihələr bütövlükdə regionun inkişafına güclü təkan kimi xidmət edir. Bu gün Cənub Qaz Dəhlizinin işə düşməsi, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində iştirakına görə Azərbaycan qaz ixracatçısıdır. ABŞ-ın Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı, strateji layihələrin həyata keçirilməsinə davamlı dəstək verməsi çox diqqətəlayiqdir”.

Nəsrullayeva qeyd edib ki, Azərbaycanın neft-qaz sektoru böyük inkişaf yolu keçib və ölkənin inkişafına xüsusi töhfə verməkdə davam edir.

“Onu da vurğulamaq istəyirəm ki, Palatamızın üzvləri arasında neft sektorunda fəaliyyət göstərən çoxlu şirkətlər var. Eyni zamanda, iqtisadiyyatın səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlətimizin əsas iqtisadi prioritetlərindən biri qeyri-neft sektorunun inkişafını təmin etməkdir. Məhz buna görədir ki, biz ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün daha intensiv tədbirlər görürük və bu sahədə hökumətlə əməkdaşlıq edirik, mütəmadi olaraq öz tövsiyələrimizi veririk. Sevindirici haldır ki, Palatamızın bu istiqamətdə təklif etdiyi bəzi tövsiyələr strateji yol xəritələrində və dövlət proqramlarında öz əksini tapıb”, – deyə o bildirib.

“AmCham”ın prezidenti yekun olaraq bildirib ki, qarşıdakı illərdə Azərbaycanda biznes mühitinin inkişafı və dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsi planlaşdırılır.

“Nəzərə alsaq ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet məsələdir, biz bununla bağlı intensiv işlər və ölkəmizə birbaşa xarici investisiyaların cəlb edilməsini planlaşdırırıq. Bununla yanaşı, korporativ sosial məsuliyyət siyasətimiz çərçivəsində təhsil sahəsində bir sıra yeni layihələr həyata keçirməyi planlaşdırırıq. Bundan əlavə, yaxın gələcəkdə biz iqtisadiyyatın aparıcı qüvvəsi olan kiçik və orta biznesin, o cümlədən qadın sahibkarlığının və ailə biznesinin inkişafı üçün müxtəlif layihələr həyata keçirmək niyyətindəyik”, – deyə Nəsrullayeva bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir