Masallı rayonunda ata 12 yaşlı qızının qonşusu, 60 yaşlı kişi tərəfindən təcavüzə məruz qaldığını iddia edib.
Bu barədə qızın atası sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, hadisə yanvar ayında, uşaq evdə tək olarkən baş verib:
“Uşağın anasından mən boşanmışam. Qızım evdə tək olan vaxt qonşu iki dəfə qızı zorlayıb. Mənim qızımı qorxudurmuş ki, danışsa, onun anası və qardaşını öldürəcək”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı fevral ayının 5-də azyaşlı qızın anası, Masallı rayonunun Ərəb kəndinin sakini Ə.D. Masallı RPŞ-yə müraciət edib. Dərhal müvafiq araşdırmalara başlanılıb:
“Təyin olunmuş məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaların rəyi, aparılan araşdırmanın nəticəsində fakt təsdiqini tapmayıb və cinayət əməlinin törədilməsini təsdiq edən xüsusatlar müəyyən edilməyib. Bundan başqa, qonşuluqda yaşayan tərəflər arasında gələcəkdə baş verə biləcək hər-hansı bir qanunazidd hərəkətlərin qarşısının alınması məqsədilə həmin şəxslər münaqişəli ailə kimi qeydiyyata götürülüblər”.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı Baş Prokurorluq tərəfindən qeyd edilən araşdırma materialı öyrənilməklə əvvəl qəbul edilmiş qərar ləğv edilib:
“Təkrar araşdırma aparılması üçün Masallı Rayon Polis Şöbəsinə göndərilib”.
İlhamə Əbülfət
www.102info.az