“Qəbirlərin dağıdılması YUNESKO-nun tarixi ədalətsizliyini göstərir” – RƏY + FOTO

Mədəniyyət

Ermənilər növbəti dəfə tarixi təhrif edərək azərbaycanlıların izini silməyə cəhd göstəriblər. Sosial şəbəkələrdə paylaşılan görüntülərə əsasən, mənfur düşmən Basarkeçər rayonunun Qızılbulaq kəndində azərbaycanlılara məxsus qəbiristanlıqda məzar daşlarını dağıdıb. Ümumilikdə isə, hadisənin hansı ərazidə baş verməsindən asılı olmayaraq, bu, azərbaycanlılara qarşı növbəti vandalizm aktının sübutudur. Məlumdur ki, YUNESKO-nun laqeyd münasibəti fonunda erməni tərəfi Azərbaycan xalqının yüzilliklər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam edir. Görünən odur ki, YUNESKO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumduqca, dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı artmaqda davam edəcək.

Məsələni Oxu.Az-a şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilk olaraq Azərbaycanın xristian abidələrinə münasibətindən söz açıb:

“Bu gün Bakıda erməni abidələri, erməni kilsəsi var, ancaq biz onu təmir etmişik, yaxşı vəziyyətdə qoruyub saxlayırıq. Kəlbəcər rayonu ərazisində alban kilsəsi var, amma ermənilər onu özününküləşdirərək erməni kilsəsi qələmə veriblər. O abidə də qorunur. Ancaq ermənilər bizə qarşı eyni münasibəti sərgiləmirlər. Dünən belə məlumat verdilər ki, Basarkeçər ərazisində ermənilər vaxtilə orada yaşamış azərbaycanlıların qəbirlərini dağıdırlar. Göyçə ərazisində böyük Aşıq Ələsgərin abidəsini yıxıblarsa, digər abidələri dağıtmaq onlar üçün çox asandır, onlar hər fürsətdə erməni vandalizmini nümayiş etdirirlər”.

Ekspert YUNESKO-nun ikili standartlardan çıxış etdiyini vurğulayıb:

“Biz YUNESKO-nu heç cür ölkəmizə, işğaldan azad edilən ərazilərə dəvət edə bilmədik ki, bizim 69 məsciddən 67-sini ermənilərin dağıtdığını gözləri ilə görsünlər. İnsanların yaşadığı ərazilərdə yerləşən mədəniyyət abidələrimizin hamısı yer üzündən silinib. Prezident dəfələrlə YUNESKO-ya müraciət etdi ki, gəlib baxsınlar, qeydə alsınlar, müsəlman abidələrinə qarşı böyük vandalizm aktının törədildiyinin şahidi olsunlar, amma gəlmədilər. Çünki təşkilata bir xanım rəhbərlik edir, o da xristian təəssübkeşliyindən çıxış edir. Ona görə də Azərbaycanın çağırışlarına cavab verilmir. Bu, YUNESKO-nun tarixi ədalətsizliyini, ikili standartlardan çıxış etdiyini göstərir”.

Sabiq diplomat Fikrət Sadıxov isə ermənilərin bu addımının islamofobiyadan qaynaqlandığını diqqətə çatdırıb:

“Qarabağ müharibəsinin sonunda məlum oldu ki, ermənilər torpaqlarımızda vandalizmlə məşğul olublar. Qəbiristanlıqlarımızı, dini abidələrimizi, məqbərələrimizi dağıdıblar. Səbəbi düşünürəm ki, islamofobiyadır. Bizə qarşı nifrət, bizi qəbul etməmə, xüsusilə biz qələbə çalandan sonra onların azğınlaşması göz qabağındadır. Biz, təbii ki, bununla bağlı həm YUNESKO-ya, həm də digər təşkilatlara kifayət qədər məlumat göndərmişik, ancaq YUNESKO-nun da ikili yanaşması məlumdur. Təşkilat ermənilərin təsirinə o qədər məruz qalıb ki, oradakılar tam mənasıyla sanki kor olublar, heç bir amilə reaksiya vermək istəmirlər”.

Sayad Həsənli

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir