Altı il əvvəl Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başladı.
Hərb tarixinə “Aprel döyüşləri” kimi düşən bu savaşın nəticələri dərin hərbi və siyasi məzmuna malik idi. Məhz Aprel döyüşləri Vətən müharibəsində ərazilərimizin azad edilməsi ilə nəticələnən parlaq qələbənin müjdəçisi oldu.
Ermənilərin Azərbaycanın işğal olunan ərazilərində qurulan və alınmaz qala iddia edilən müdafiə sisteminə ilk dəfə məhz Aprel döyüşlərində sarsıdıcı zərbə vuruldu.
Əbəs yerə deyil ki, Aprel döyüşlərinin nəticələrinin hərbi-siyasi əhəmiyyəti Qarabağ münaqişəsinin həlli baxımdan böyük əhəmiyyətə malikdir. Bununla da düşmənin illərdir yaratdığı “erməni əsgərinin məğlubedilməzliyi” mifi darmadağın oldu. Aprel döyüşləri münaqişə bölgəsindəki status-kvonun əbədi olaraq qoruna bilməyəcəyini bir daha isbatladı.
Qeyd edək ki, böyük qələbənin müjdəçisi olan Aprel döyüşləri nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər, Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı və Gülüstan kəndləri, həmçinin Suqovuşan istiqamətində bəzi mövqelər düşməndən azad edildi. 5 günlük döyüşlər zamanı ermənilərə məxsus 30 tank, 15-ə qədər artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis konstruksiyaları məhv edildi.
www.102info.az