Hərbi ekspert: “Aprel döyüşləri Vətən müharibəsinin mesajı idi”

Müharibə

“Aprel döyüşləri Azərbaycanın hərb tarixində artıq özünəməxsus yer tutub. Mən deyərdim ki, işğal dövründən sonra birinci dəfə idi ki, işğalçıların atəşkəsi pozması və təxribatına Azərbaycan belə formada cavab verirdi. Talış istiqamətində olan yüksəkliklər və Lələtəpədən Azərbaycanın yaşayış məntəqələri mütəmadi olaraq iriçaplı silahlardan və hətta artilleriya və minaatanlardan atəşə tutulurdu. Belə olduğu halda Azərbaycan Ordusu tapşırıq, əmr aldı ki, həmin istiqamətlərdə dinc sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə təhlükə yaradan mənbələr ələ keçirilsin, düşmən oradan geri atılsın”.

Bunu “Report”a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

“Bu tapşırığı Azərbaycan qısa müddətdə yerinə yetirdi. Düşməni o yüksəkliklərdən atdı. Aprel döyüşlərinin önəminə gəlincə, bu, Azərbaycanın öz torpaqlarını azad edəcəyi haqqında mesaj idi. Beynəlxalq arenada bu, məsələnin hələ də ciddi olaraq qaldığı haqqında bir mesaj idi. Yəni ki, Qarabağ məsələsi hər an alovlana bilər və Azərbaycan güc vasitəsilə onları geri ala bilər. Digər tərəfdən, Azərbaycan xalqı çox böyük sınaqdan keçdi və konsolidasiya oldu. Bütün cəmiyyət torpaqlarını işğalçılardan azad olunması məsələsində hazır olduğunu nümayiş etdirdi. Səfərbərlik xidmətinə minlərlə gənclər müraciət etmişdi”, – deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesdə geosiyasi arenadakı hədəflərini də görüb:

“Yəni Aprel hadisələri başladığı andan beynəlxalq qurumlar, o cümlədən Rusiya Azərbaycana ola biləcək təzyiqlər və riskləri nümayiş etdirdi”.

O bildirib ki, ümumiyyətlə Aprel döyüşləri bütün bu məsələləri qabarda bilib:

“Azərbaycan hədəfləri müəyyənləşdirdi. Azərbaycan Ordusu Ermənistanın illərdir qurduğu müdafiə xətlərini yara biləcək əminliyi qazandı. Düşünürəm ki, Aprel döyüşlərində yüksək qiymət alan Azərbaycan Ordusu öz sözünü Vətən müharibəsində dedi və 44 günlük müharibədə Ali Baş Komandanın qoyduğu tapşırığı yerinə yetirərək işğalçı qüvvələri darmadağın etdi və ərazi bütövlüyünü təmin etməyə qadir oldu. Bu mənada Vətən müharibəsini Aprel döyüşlərinin bir növ davamı kimi də qiymətləndirirlər. Ancaq Aprel döyüşləri irimiqyaslı deyil, məhdud çərçivəli əməliyyat idi”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir