Ukraynalı səfirin anasının evi partladıldı – VİDEO

Siyasət

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski Ukraynada yaşanan gərgin günlərdən danışıb. 

O, Rusiyanın kimyəvi bombadan istifadə etmək üçün planlar qurduğunu, Rusiya Silahlı Qüvvələrindən ən çox dinc əhalinin əziyyət çəkdiyini, bunun faktiki soyqırım olduğunu bildirib.

Vladislav Kanevski Rusiya qoşunlarının darmadağın etdiyi Ukrayna şəhərlərinin hazırkı vəziyyətini uzun illər erməni işğalında olan Ağdam şəhəri ilə müqayisə edib. 

O əlavə edib ki, Rusiya strateji hədəflərinin heç birinə nail olmadığından döyüş taktikasını dəyişib. Rus hərbçiləri hazırda Belarus ərazisindən yaşayış məntəqələrinə, dinc şəhərlərə atəş açırlar. Səfir qarşı tərəfin Ukrayna ərazisinə terror qruplaşmalarını daxil etdiyini iddia edib.

V.Kanevski jurnalistlərə açıqlamasında anasının yaşadığı evin də partladıldığını söyləyib.
“Hadisə zamanı anam bombalardan qorunmaq üçün nəzərdə tutulan sığınacaqda olduğundan sağ qalıb. Onun olduğu şəhərdə üç dəfə qondarma humanitar dəhliz elan olunub, hər birində də mülki vətəndaşlar atəşə tutulublar”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Azərbaycandan növbəti dəfə Ukraynaya qida məhsulları, dərman və tibbi ləvazimatdan ibarət humanitar yardım göndərilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir