Teodor Deçev: “Rusiyada elə insanlar var ki, onlar Cənubi Qafqazı özlərinin Zaqafqaziyası hesab edirlər”

Siyasət

Rusiyanın Ukrayna ərazilərində apardığı hərbi əməliyyatlar artıq bir ilə yaxındır davam edir. Müharibənin fəsadları xüsusən qış aylarında özünü daha çox büruzə verməyə başlayıb. Ukraynanın enerji infrastrukturuna endirilən zərbələr nəticəsində insanlar işıq, su və digər gündəlik yaşayış vasitələrinin xidmətlərindən məhrum ediliblər.  

Hazırda dünyanın müxtəlif ölkələri Ukraynaya bu ağır şəraitdə dəstək olmağa çalışırlar. Bolqarıstan da Ukraynanı dəstəkləyən ölkələr sırasındadır.

Bolqarıstan hökumətinin dəstəyindən əlavə, bu ölkənin vətəndaş hərəkatının fəalları Ukraynaya generatorlar, müxtəlif zəruri texniki vasitələr göndərərək, müharibə şəraitində olan dövlətin vətəndaşlarına yardım etməyə çalışırlar.

Lakin bu yardımlar Rusiya mediası tərəfindən tənqidlə qarşılanır, Bolqarıstana qarşı neqativ bəyanatlar səsləndirilir. Xatırladaq ki, eyni təzyiqlərlə Ukraynaya yardım edən Azərbaycan da qarşılaşıb.

Bəs Bolqarıstanda bu tənqidlərə münasibət necədir?

Bolqarıstanlı analitik, dosent, Bolqarıstan Ali Təhlükəsizlik və İqtisadiyyat Məktəbinin Qara dəniz və Xəzər regionu problemləri üzrə “Blacksea Caspia” laboratoriyasının rəhbəri, doktor Teodor Deçev Oxu.Az-a açıqlamasında bildirib ki, ölkəsində Rusiya tərəfinin bəyanatlarına münasibət fərqlidir.

“Beşinci kolon”dan olanlar qışqırırlar ki, “xilaskar Rusiyanı” incik salırlar. Amma insanlar gördülər ki, Rusiyanın “Qazprom” şirkəti Avropaya təbii qaz tədarükünü dayandıranda iki dövlətdən – Polşa və Bolqarıstandan başladı. Moskvadakı dairələrin nöqteyi-nəzərində bolqarlar satqındırlar. Və Moskvanın Azərbaycanı tənqid etməsi tamamilə başadüşüləndir. Rusiya Federasiyası hakimiyyətində təmsil olunan elə insanlar var ki, onlar Cənubi Qafqazı özlərinin Zaqafqaziyası hesab edirlər və buranı müvəqqəti olaraq Moskvanın orbitindən kənarda qalmış Rusiya imperiyasının şəxsi mülkü sayırlar.

Siz Bolqarıstanda Rusiyanı təbliğ edənlərin nə qədər aşağı səviyyəyə endiyini heç təsəvvür belə etmirsiniz. Onlar mütəmadi olaraq təkrar edirlər ki, Bolqarıstanın Cənub Qaz Dəhlizi ilə aldığı Azərbaycan qazı əslində Rusiya qazıdır. Azərbaycan Prezidenti İlham Əliyev söylədi ki, bunu iddia edən şəxslər ya diletantlardır, ya da təxribatçıdır. Bu fikirlər məni çox sevindirdi. Təəssüf ki, biz yalanın tez-tez həqiqətə üstün gəldiyi bir dünyada yaşayırıq, xüsusən də müharibə zamanı”.

Bolqarıstanlı analitik Rusiya – Ukrayna müharibəsinin bitmə vaxtı ilə bağlı proqnozlarını da açıqlayıb.

Xatırladaq ki, bu yaxınlarda Bolqarıstanın Müdafiə Nazirliyinin keçmiş rəhbəri Angel Naydenov 2023-cü ildə Rusiya ilə Ukrayna arasında danışıqların mümkün olacağını, lakin bununla belə müharibənin bitməyəcəyini söyləmişdi.

Teodor Deçev hesab edir ki, əgər baş verənlərə diqqətlə nəzər salsaq, rasional və emosiyasız danışsaq, o zaman hazırkı şəraitdə nə Rusiya, nə də Ukrayna müharibəni dayandıra bilməz.

“Rusiya müharibəni dayandırarsa, bu, “gəmidə üsyan”ın və Rusiya Federasiyasının siyasi rəhbərliyi üçün nəhəng problemlərin yaranması demək olacaq. Kreml bunu istəmir. Digər tərəfdə isə döyüş meydanında taktiki cəhətdən qalib durumda olan Ukraynadır. Ukrayna ordusu Kiyev, Xarkov, Xerson vilayətlərində əvvəllər işğal olunmuş bir çox əraziləri azad edib. Əgər Ukrayna müharibəni dayandırmaq üçün hərəkətə keçsə, o zaman insanlarda bir sual yaranacaq: əgər biz qalib gəliriksə, niyə savaşı dayandırırıq? Humanizmlə bağlı arqumentlər və qurbanlardan qaçmaq cəhdləri Ukraynada heç kimi qane etməyəcək, çünki onlar Rusiya rəhbərliyinin qarşılıqlı humanizminə inanmırlar. Və mən də buna inanmıram.

Rusiya Federasiyasında həyatın qiyməti, təəssüf ki, çox aşağıdır. Ona görə də mən danışıqlara səbəb ola biləcək bir dönmə nöqtəsi görmürəm. Bəli, Rusiya gəmisinin nəzarətsiz hərəkət etməsindən narahat olan Çinin, Hindistanın Rusiyaya hansısa təzyiqlər etməsi istisna edilmir. Ukrayna isə Qərb tərəfdən təzyiqə məruz qala bilər. Ancaq bir daha deyirəm, danışıqlara başlamaq üçün hələ istinad nöqtəsi görmürəm. O yalnız xarici siyasətdə və ya döyüş meydanında ciddi dəyişiklikdən sonra yarana bilər. Amma hələlik hər iki tərəfin müharibəni bitirmək üçün motivasiyası yoxdur”.

Nair Əliyev

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir