Brüsseldə İrəvanın üzləşdiyi həqiqət: Bakı Ermənistandakı mifik təsəvvürlərə növbəti zərbəni vurdu – TƏHLİL

Siyasət

Aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan danışıqların yekunları əsasında ortaya çıxan mənzərə növbəti dəfə Azərbaycanın 44 günlük müharibə ilə döyüş meydanında qazandığı qələbənin siyasi müstəvidə də sarsılmaz və ardıcıl şəkildə davam etdiyini göstərdi.

Ermənistanın siyasi mühitində, ekspert dairələrində və xüsusən də müxalif, revanşist çevrələrində 6 aprel tarixli Brüssel görüşünün Ermənistanın aciz durumunu ortaya qoyması fikri birmənalı olaraq qəbul edildi.

Məsələ burasındadır ki, Brüsseldə keçirilən görüş danışıqlar masasında kimin söz sahibi olduğunu Ermənistanda həqiqətlərə qulaq tıxayanlara xatırlatdı. Görüşün yekunlarına dair Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatı isə Ermənistanın xam xülyalara qapılmış dairələrində dəhşətli bir şok effekti yaratdı. Belə ki, yuxarıda sadaladığımız dairələrin heç birinin gözləntiləri doğrulmadı, Ermənistan hökumətinin destruktiv təşəbbüs və addımlarına baxmayaraq, növbəti dəfə danışıqlarda Azərbaycanın diktə etdiyi məqamlar üzrə ortaq məxrəc axtarıldı.

Azərbaycanın dünya siyasi arenasındakı nüfuzu və Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasi gedişləri qarşısında aciz olması həqiqətini israrla görməzdən gələn Ermənistan ötən gecə bir daha bu həqiqətlə üzləşməli oldu. Şarl Mişel verdiyi bəyanatla danışıqların Azərbaycanın istədiyi məcrada aparıldığı, erməni tərəfinin sadəcə sülh prosesini yubatmaq və süni gərginlik yaratmaq üçün ortaya atdığı iddia və fikirlərə yer verilmədiyini göstərdi. Yəni Ermənistan hər nə qədər vurnuxsa da, Brüsseldə Azərbaycanın tələblərindən boyun qaçırmağa cürət etmədi.

Bu məqam Azərbaycan ictimaiyyəti üçün çoxdan bəlli olsa da, görünür, Ermənistanda hələ də öz dövlətləri və iddiaları ilə bağlı miflər formalaşdırmaq ənənəsi davam edir. Məhz bu cür mənfi tendensiyanın varlığı isə Azərbaycanın siyasi müstəvidəki hər qələbəsini Ermənistan üçün daha ağrılı və ölümcül edir.

Məsələn, Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan Brüsseldə əldə olunmuş razılaşmalardan vahiməyə düşüb desək, yanılmarıq. Erməni siyasətçinin Ermənistan barədə təsəvvürləri o qədər mifik həddə olub ki, o hətta İrəvanın Azərbaycanla üzbəüz hansısa şərtləri diktə edə biləcəyini də düşünüb.

Şarl Mişelin bəyanatında separatçıların, Minsk qrupunun adının belə çəkilməməsi, Fərrux kəndi ilə bağlı prosesin xatırladılmaması, ümumiyyətlə hadisənin əsl mahiyyətinin erməni tərəfinin qələmə verdiyi kimi olmasına dair tək bir kəlmənin belə işlədilməməsi Aşotyan üçün böyük “sürpriz” olub. Respublika Partiyasının sədr müavini həm də bəyanatda əksini tapan və regionda sülh üçün atılması razılaşdırılan addımları da ölkəsi üçün ağrılı məqamlar kimi qələmə verməyə çalışıb. Sülh prosesinin yubadılmasına, süni əngəllər yaradılmasına tam dəstək verən tipik erməni siyasətçi sülh üçün atılan addımları qəbuledilməz hesab edib.

Ermənistanın “ekspert” dairələri də Brüsseldəki görüşün Azərbaycan diplomatiyası üçün qələbə olduğunu etiraf etməyə məcbur olublar. Edqar Elbakyan adlı politoloq: “Brüssel görüşü siyasi Qərbin himayəsi altında erməni milli maraqlarının növbəti dəfə basdırılması aktıdır”, – açıqlamasını verib. Separatçılarla bağlı bir kəlmənin belə deyilmədiyini bildirən erməni “ekspert” həmçinin Şarl Mişelin bəyanatında ATƏT-in Minsk qrupuna dair heç bir xatırlatma olmamasını sözügedən qrupun faktiki olaraq ləğvinə bərabər tutub.

Digər bir politoloq Tiqran Qriqoryanın fikirlərində isə Ermənistanın əvvəllər israr etdiyi mövqelərdən geri çəkilməyə məcbur qaldığı açıq şəkildə görünüb. Belə ki, o, İrəvanın “sərhəddəki gərgin vəziyyət”in aradan qaldırılması üçün heç bir addım atmadan delimitasiya ilə bağlı ikitərəfli komissiya yaradılmasına razılıq verməsini Ermənistan dövlətinin geri addım atması kimi qiymətləndirib. T.Qriqoryan eyni zamanda Ermənistanın ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparmaq mövqeyindən də imtina etdiyini vurğulayıb.

Sirr deyil ki, Ermənistanda müharibədəki rüsvayçı məğlubiyyətdən, Azərbaycanın diplomatiya müstəvisində parlaq qələbələrindən dərs çıxara bilməmiş dairələr mövcuddur. Məhz bu qruplar arasında da Ermənistanın qüdrəti, imkanları, nüfuzu barədə miflər formalaşdırılır və bir müddət sonra həmin miflərə özləri də inanmağa başlayırlar. Ötən gün Brüssel görüşündə ortaya çıxmış mənzərə məhz həmin qruplara növbəti ağır dərs oldu.

Azərbaycan Ermənistanın süni lovğalıq və daxili auditoriyaya yönəlmiş qondarma “böyüklük” iddialarını yerlə bir etdi. Bir daha göstərdi ki, İrəvanın destruktiv təşəbbüsləri yalnız Ermənistan hökuməti və müxalifəti arasında müzakirə predmeti həddinə çata, yalnız bu məhdud çərçivədə ciddiyə alına bilər. Geosiyasi müstəvidə isə artıq miflərə yer yoxdur, Qarabağ münaqişəsi, Azərbaycanın dediyi kimi, tarixə qovuşub, 44 günlük müharibədə qazanılmış zəfərlə ərazi bütövlüyümüz təmin olunub, Azərbaycan Ermənistana sülh naminə şans verib və bu prosesdə Bakı və İrəvanın birbaşa təmaslar qurması ilə bağlı istəyini diktə edib.

Ermənistan dövləti və burada fəaliyyət göstərən bütün qüvvələr anlamalıdırlar ki, onlar tərəfindən yaradılmış istənilən süni gündəm və iddia sonda məhvə məhkumdur. Azərbaycana qarşı hansısa şərtlərlə çıxış etmək, Bakının maraqlarına zidd addımlara cəhd göstərmək birmənalı olaraq artıq mümkün deyil. Brüssel görüşündən əvvəl ermənilərin gözləntiləri, pafoslu çıxışları, separatçılar, ATƏT-in Minsk qrupu ilə bağlı fikirləri sadəcə daxili auditoriyanı ələ almağa yönəlmiş fəaliyyətlər idi. Reallıq isə ermənilərin gördüyü, təsəvvür etdiyi, qələmə verməyə çalışdığından tam fərqlidir. İlham Əliyevin aprelin 6-da Brüsseldəki diplomatik zəfəri isə məhz ermənilərin qəbul edə bilmədikləri bu həqiqətin təntənəsidir…

Orxan Tağıyev

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir