“Azərbaycan Mərkəzi və Şərqi Avropada mövqelərini gücləndirib” – RƏY

Siyasət

“Azərbaycan Mərkəzi və Şərqi Avropada mövqelərini gücləndirib”.

“Report” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov deyib.

O qeyd edib ki, Azərbaycanın düşünülmüş rasional siyasi kursu bu gün rəsmi Bakını Qərbdə və Şərqdə aparıcı mövqelərə gətirib:

“Prezident İlham Əliyevin Bolqarıstan və Çexiyaya səfərləri, ardınca Gürcüstan və Mərkəzi Asiyada verdiyi bəyanatlar, dövlət başçımıza olan ehtiram Azərbaycanın dünyadakı gücünün göstəricisidir. Bu baxımdan İlham Əliyevin Albaniya səfəri bizim üçün müstəsna əhəmiyyətə malikdir”.

Ekspert bildirib ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı rəsmi Bakının xarici siyasətinin vacib istiqamətlərindən biridir:

“Albaniyaya səfər ilk olduğundan bunun mühüm tarixi və siyasi əhəmiyyəti mövcuddur. Səfərin məqsədi ölkələr arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Azərbaycan Prezidenti İlham Əliyev albaniyalı həmkarı Bayram Beqay və bu ölkənin Baş naziri Edi Rama ilə görüşüb. Görüşlərdə ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər barədə vacib müzakirələr aparılıb. Albaniya və Azərbaycan geostrateji mövqelərinə görə də Qərbdə maraqla qarşılanan ölkələr hesab edilirlər”.

T.İsmayılov xatırladıb ki, Azərbaycanla Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub:

“Gələn il bu əlaqələrin 30-cu ildönümü qeyd olunacaq. Bu münasibətlə 2023-cü ildə Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. Albaniya hökumət başçısının Azərbaycana daimi səfərləri gerçəkləşdirilib. Belə ki, Albaniyanın dövlət başçıları ölkəmizə 5 işgüzar səfər, baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər ki, bu, kifayət qədər önəmli göstəricidir”.

Onun fikrincə, Albaniyanın Baş naziri Edi Rama bu il aprelin 14-də Bakıda Qlobal Forumunda vacib mesajlar verib. Hökumət başçısı Albaniyanın ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkəmizin tarixi hüquqlarını dəstəklədiyini söylədi, bu siyasətin davam edəcəyini, həmçinin Azərbaycanın sülh təşəbbüslərini dəstəklədiyini vurğuladı.

“Bu gün Trans Adriatik Boru Kəməri (TAP) layihəsi Albaniya da daxil olmaqla bir çox ölkələr üçün yeni enerji nəfəsliyidir. Azərbaycan rəhbərliyi rəsmi Tirana ilə əlaqələrə hər zaman yüksək dəyər verib. Bunun bariz nümunəsi kimi Prezident İlham Əliyevin aprel ayında səsləndirdiyi fikirlər xüsusilə vacibdir. Prezident vurğuladı ki, İkinci Qarabağ müharibəsində Albaniya Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib”, – T.İsmayılov bildirib.

O qeyd edib ki, TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Siyasi icmalçı deyib ki, layihə həmçinin, Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edir: “Ona görə də Albaniya cəmiyyətində və siyasi fikrində TAP-a böyük dəyər verilir. 2021-ci ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,95 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 0,66 milyon ABŞ dolları, ixracın həcmi 4,29 milyon ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 3,63 milyon ABŞ dolları kimi dəyərləndirilir”.

Politoloq bildirib ki, Albaniya 2022-2023 illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və bu platformada da anti-azərbaycan qüvvələrə qarşı yanımızda yer alan dost ölkələrdəndir.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir