Türkiyə və Azərbaycana təklif: Ən mühüm layihələrdən biri ola bilər

Siyasət

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov bildirib ki, onun ölkəsi, Azərbaycan və Türkiyə enerji resurslarının dünya bazarına çıxarılması üçün çoxşaxəli sistem yaratmaq üzərində işləyirlər.

Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin Birinci Zirvə Toplantısındakı çıxışında Berdiməhəmmədov bildirib ki, sözügedən görüş üç qardaş ölkəni birləşdirəcək və ölkələr arasında əməkdaşlığı artıracaq:

“Türkmənistan və Azərbaycan arasında iqtisadi əlaqələr daim qarşılıqlı faydalı və bərabərhüquqlu əsasda inkişaf edir. Hər iki tərəf bu əməkdaşlığın səmərəliliyinin artırılmasının perspektivli istiqamətləri üzərində çalışır. Bu ilin 10 ayının yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi təxminən beş dəfə artıb”.

Berdiməhəmmədov Xəzərin Türkmənistan və Azərbaycan arasında əhəmiyyətinə diqqət çəkib:

“Ötən ilin yanvarında Türkmənistan və Azərbaycan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının birgə kəşfi və işlənməsi haqqında anlaşma memorandumu imzalanıb. Bu, Türkmənistan və Azərbaycanın Xəzər dənizindəki enerji sahəsində əməkdaşlığının yeni mərhələsinin əsasını təşkil edir. “Dostluq” yatağında birgə işləmək haqqında əldə olunan razılaşmalar dərin qarşılıqlı hörmətin, əsl mehriban qonşuluğun, bərabərhüquqluluğun, bir-birinin maraqlarına hörmətin sübutudur”.

O, Türkiyənin də mühüm ticari və iqtisadi tərəfdaş olduğunu dilə gətirib.

“Türkmənistan, Azərbaycan və Türkiyə enerji resurslarının dünya bazarına çıxarılması üçün çoxşaxəli sistem yaratmaq üzərində işləyirlər”, – deyə Berdiməhəmmədov qeyd edib.

“Bu sistem çoxşaxəli maraqlar nəzərə alınmaqla şaxələndirilməli, açıq və şəffaf standartlar əsasında işlənməlidir. Etibarlı olmalı və təhlükəsizlik zəmanətlərinə riayət etməlidir. Bu kontekstdə Türkmənistan və Azərbaycandan təbii qazın Türkiyəyə, oradan da dünya bazarlarına çıxarılması istiqamətində əməkdaşlıq üzrə birgə təşəbbüslərimizi dəyərləndirməliyik.

Asiya ilə Avropa arasında nəqliyyat dəhlizlərinin yaradılması üçün ümumi strategiya əsasında üçtərəfli sıx əməkdaşlığın zəruriliyi barədə eyni fikirdəyik. Türkmənistandan Azərbaycan və Türkiyəyə yeni nəqliyyat dəhlizi ən mühüm layihələrdən biri ola bilər. Bu istiqamətdə daşımaların asanlaşdırılması üçün vahid logistika mərkəzinin yaradılmasının müzakirəsini təklif edirik. Hesab edirəm ki, ölkələrimiz arasında sabit iqtisadi dəhlizlərin yaradılması üçün fəal işləməyin vaxtı çatıb”, – deyə o vurğulayıb.

Mənbə: Akit

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir