Qaradağ Günəş Elektrik Stansiyasının Azərbaycan üçün əhəmiyyəti

Baş səhifə

Neft-qaz kimi enerji resursları ilə zəngin olmasına baxmayaraq Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Ölkəmizdə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. Oktyabrın 26-da Prezident cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən Qaradağ Günəş Elektrik Stansiyası da bu baxımdan böyük əhəmiyyətə malikdir.  

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilmiş stansiyanın təməlqoyma mərasimi 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. 230 MVt gücündə olan Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Mərasimdə iştirak edən edən Azərbaycan Prezidenti cənab İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışını əlamətdar hadisə adlandırıb. “Bu gün biz nisbətən qısa zamanda, təxminən il yarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir”, – deyə dövlətimizin başçısı Stansiyanın rəsmi açılış mərasimində çıxışı zamanı bildirib. Dövlətimizin başçısı Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə görə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik edib.

Məlumat üçün bildirək ki, “Masdar” ilə əməkdaşlıq çərçivəsində Neftçalada 390 MVt-lıq günəş, Biləsuvarda 445 MVt günəş və Qobustanda 200-300 MVt gücündə külək elektrik stansiyalarının da inşası nəzərdə tutulur. Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında tədbir çərçivəsində müqavilələr imzalanmışdır. 240 MVt gücündə “Xızı-Abşeron” KES-in isə 2025-ci ildə istismara verilməsi qrafikinə uyğun işlər davam etdirilməkdədir.

Həmçinin, “ACWA Power” şirkəti ilə dənizdə və quruda ümumi gücü 2,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra müqavilələri çərçivəsində ötən ay Batareya Enerji Saxlama Sistemi və quruda 200 MVt külək layihələri üzrə Yol Xəritəsi imzalanıb. Cəbrayılda BP tərəfindən gələn il 240 MVt gücündə günəş elektrik stansiyasının təməli qoyulacaq. Eyni zamanda, Cəbrayılda “Nobel Energy”, Füzulidə isə Çin şirkəti ilə günəş elektrik stansiyalarının tikintisi üçün hazırda ərazilər razılaşdırılır. Naxçıvanda “Nobel Energy”, “TotalEnergies” və “A-Z Czech Engineering” şirkətləri tərəfindən ümumi gücü 1,150 MVt olan günəş elektrik stansiyalarının inşası məqsədilə ərazilərin seçilməsi və razılaşdırılması prosesi davam edir. Bundan başqa, Böyükşor gölündə 100 kVt gücündə pilot layihə üzrə ölkəmizdə ilk üzən günəş stansiyası quraşdırılıb, tezliklə şəbəkəyə qoşulacaq. Ümumən, mərhələli şəkildə 2030-cu ilədək 7 QVt həcmində istehsal güclərinin yaradılması planlaşdırılır.

Ümumiyyətlə, ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə hesablanmış mühüm addımlarındandır. Neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Məhz yaradılan möhkəm təmələ söykənərək dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildən bu çağırışı edir ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan asılılıq minimuma endirilməlidir. Son 20 ilin reallıqları bu hədəfə yüksək səviyyədə nail olduğumuzu təsdiqləyir. Sözügedən açılış mərasimində də qeyd olunduğu kimi, Azərbaycanın bərpaolunan enerji mənbələrini uzun illər bundan əvvəl inkişaf etdirmək qərarı təkcə enerji təhlükəsizliyi ilə bağlı deyildir. Bu, cəsarətli və düşünülmüş qərar kimi dəyərləndirildi. Bu qərar, eyni zamanda, yeni sənaye sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, “yaşıl” iqtisadi artım üçün strateji addım kimi xarakterizə edildi.

Səlimağa Səlimli,

Azərbaycan Respublikasının Əməkdar Müəllimi

, YAP fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir