Azərbaycan xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlığın inkişafını prioritet istiqamət kimi qəbul edir. Xalqlarımızı birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyətinin əsasını təşkil edir. Ümumilikdə İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar fonunda türk dünyasının birliyi istiqamətində atılan addımlar, türkdilli dövlətlər arasında ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin genişlənməsi diqqətdən kənarda qalmır. Bunu cari ildə dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə, həmçinin həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərlərinin say tərkibi, imzalanan sənədlərin əhatə dairəsinin genişləndirilməsi də təsdiqləyir.
Bu baxımdan, cari ilin 14 dekbarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistana işgüzar səfəri, səfər çərçivəsində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin təkbətək, eyni zamanda, geniş və məhdud tərkibdə görüşləri əlaqələrin gələcək inkişafına xidmət edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi apararaq vahid mövqe ortaya qoyulmasına imkanlar yaratdı.
Üç ölkə rəhbəri arasında keçirilən geniş tərkibli görüşdə bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib və Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. Görüşdə çıxış edən Prezident İlham Əliyev üç dost və qardaş ölkələri maraqlandıran məsələlərdən danışıb. Qeyd edilib ki, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.
Bu gün Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Hazırda ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər.
Qeyd edilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır.
Prezident İlham Əliyev öz çıxışında bildirib ki, artıq Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaqdır. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaqdır.
Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Azərbayan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Həmçinin bildirilib ki, Azərbaycan 18 yük təyyarəsi ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.
Bir sözlə, Azərbaycan malik olduğu nəqliyyat-logistika və kommunikasiya imkanları Azərbaycan, Türkmənistan-Türkiyə əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə təkan verir. Bütün bunlar Avrasiyada iri enerji, nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsinə vəsilə olacaq.
Faiq Çobanov,
Salyan rayon Qardili kənd tam orta məktəbin direktoru, YAP fəalı