Qlobal trendləri nəzərə almış Dövlət Proqramı

Baş səhifə

 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı” əlimizdədir. Proqramda əksini tapan ümdə vəzifə qüdrətli dövlətin və yüksək rifah cəmiyyətinin yaradılmasıdır ki, bu da ilk növbədə iqtisadi inkişafın təmin edilməsinə, insanların sosial – rifah halının yaxşılaşdırılmasına xidmət edir. Sadalanan prioritetlər iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmasını qarşıya məqsəd qoyur.

Qarşıdakı dövrdə neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir. Çünki yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” və bundan ötrü iki məqsədlər qarşıya qoyulur. “Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi” istiqamətlərində də səmərəli nəticələrə nail olmaq üçün iki əsas məqsəd – yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı hədəflənir. Bütün bunlar göstərir ki, qəbul olunan bu sənəd göstərilən illərdə Azərbaycanın hərtərəfli inkişafını təmin edəcək. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir.

Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır.

İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır. “Ağıllı şəhər” texnologiyaları böyük turizm potensialına malik Qarabağ regionunda bu sektoru inkişaf etdirmək üçün geniş şərait yaradacaq. XXI əsrin innovativ müharibəsini apararaq torpaqlarımızı düşmən tapdağından azad edən Azərbaycan dövləti indi də yeni minilliyin texnologiyaları ilə şəhər və kəndlərimizi yenidən qurur. Bütün bunlar təkcə iqtisadi imkanlar hesabına başa gələn layihələr deyil. Bundan ötrü zəruri infrastruktur təminatı, peşəkar kadr potensialı, geniş xarici əlaqələr və s. tələb olunur. Azərbaycanın tikinti-quruculuq işlərini belə sürətlə həyata keçirməsi onu göstərir ki, ölkəmiz iqtisadi nailiyyətlərlə yanaşı, bütün bunlara da vaxtında nail ola bilir.

İslam İsgəndərov,

Cəlilabad şəhər kommunal

müəssisələri kombinatın direktoru

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir