Dövlətimizin diaspor siyasətinin yeni inkişaf mərhələsi

Baş səhifə

 

Bu il Azərbaycanın dövlət müstəqilliyinin 31-ci ildönümü qeyd olundu. Ötən otuz bir ildə Azərbaycan dövləti möhkəm, demokratik əsaslar üzərində təşəkkül tapıb. Milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib, ölkə iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyinə görə regionun lider dövlətinə çevrilib. Bu illər ərzində Azərbaycan milli-mənəvi dəyərlərini qorumaqla beynəlxalq aləmə sürətlə inteqrasiya edib, ölkədə sabit iqtisadi, siyasi və mədəni inkişaf tendensiyası bərqərar olub.

Əlbəttə ki, Azərbaycan tarixinin bu şərəfli və qürurlu mərhələsi ümummilli lider Heydər Əliyevin adı və misilsiz fəaliyyəti ilə birbaşa bağlıdır. Məhz ulu öndər keşməkeşli bir dövrdə Azərbaycanı qorudu, soydaşlarımızı birləşdirdi. Müstəqilliyimizin ötən dövrü diasporumuzun fəaliyyətinin güclənərək öz inkişafının yeni mərhələsinə qədəm qoyması ilə də əlamətdardır.

Dövlət müstəqilliyimizin bərpasının ilk illəri iqtisadi tənəzzül, erməni işğalı, digər daxili və xarici təsirlərlə müşayiət olunurdu, ölkə xaos içərisində idi, erməni işğalına qarşı mütəşəkkil mübarizə aparılmırdı. Faktiki olaraq işğala məruz qalan Azərbaycan haqq səsini beynəlxalq arenaya çıxara bilmirdi, ermənilərin yaratdığı informasiya blokadası həlqəsində sıxılaraq çıxılmaz vəziyyətdə qalmışdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə bütün sahələrdə ciddi dönüş baş verdi. İqtisadi-sosial islahatların uzunmüddətli proqramı hazırlandı və mərhələli olaraq həyata keçirilməyə başlanıldı. Azərbaycanın müstəqilliyinin qorunmasına hədəflənən neft strategiyası quruldu və az bir vaxtda bu strategiya ölkəyə beynəlxalq nüfuz gətirən inkişafa şərait yaratdı. Bir sözlə, ümummilli liderin apardığı məqsədyönlü siyasət nəticəsində siyasi və iqtisadi tərəqqi başladı, ölkə tənəzzüldən çıxaraq inkişafa qədəm qoydu. Bu inkişaf həm də Azərbaycan diasporunun formalaşması, təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsinə şərait yaratdı. Əldə edilmiş nailiyyətlər, eyni zamanda, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələrinə təkan verdi. Soydaşlarımızın tarixi Vətənlə əlaqələrini daha da gücləndirmək istiqamətində ümummilli liderin atdığı mühüm addımlar tədricən nəticəsini verməyə başladı və 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi kimi tarixi hadisə baş verdi. Dünya azərbaycanlıları ilk dəfə olaraq Bakıda bir araya gəldi, qarşıda duran vəzifələri, problemləri, onların aradan qaldırılması yolları birgə müzakirə edildi. Ulu öndər Heydər Əliyevin diaspor quruculuğu sahəsində ardıcıl olaraq həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan diasporunun tarixində yeni bir mərhələ başladı.

Növbəti qurultay Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ilin martında keçirildi. Bu qurultay da mühüm hadisəyə çevrildi və diasporumuz qarşısında yeni vəzifələr müəyyən etdi. Qeyd etmək lazımdır ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial rifahının yüksəldilməsinə, ölkənin davamlı inkişaf modelinin hazırlanmasına nail olundu, insan hüquq və azadlıqlarının qorunması, vətəndaş həmrəyliyinin yaradılması, milli təhlükəsizlik və sabitliyin təmin olunması, dünya birliyinə inteqrasiya sahəsində inanılmaz nailiyyətlərə imza atıldı. Azərbaycan artıq müxtəlif xarakterli – siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrildi. Bu gün bütün dünya ölkəmizi mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən biri kimi tanıyır.

2008-ci ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” diasporun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilib, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qondarma erməni soyqırımı iddialarının ifşası və digər məsələlərlə bağlı diasporun üzərinə düşən vəzifələr əksini tapıb. Bu dövr ərzində Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə diaspor quruculuğu və lobbiçilik sahəsində fəaliyyətin əlaqələndirilməsi də xüsusi diqqət mərkəzində olub. 2007-ci ilin mart ayında Bakıda Azərbaycan və Türk Diaspor Təşkilatlarının I Forumunun keçirilməsi, noyabr ayında türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarının təşkili birgə əməkdaşlıq sahəsində yeni imkanlar açıb. Qeyd edək ki, I Forum Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, diaspor quruculuğu sahəsində əməkdaşlığın dərinləşdirilməsi, türkdilli xalqların tarixi, diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edib. Forumda aparılan müzakirələrin nəticəsi olaraq “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası” qəbul olunub.

2013-cü ilin yanvarında Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin I toplantısı, iyun ayında isə şuraya üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci forumu keçirildi. Qazanılmış uğurlar sırasında lobbiçilik fəaliyyətində əldə olunan nailiyyətləri xüsusi qeyd etmək lazımdır. Artıq doqquzuncu ildir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaxından dəstəyi ilə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin irsinin qorunmasında və təbliğində mühüm rol oynamaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdə tanınmasına öz töhfələrini verən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı forumları keçirilir. Qlobal Bakı Forumu regionda keçirilən ən əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir və Azərbaycanın ictimai-siyasi həyatında çox əhəmiyyətli hadisədir. Forumun işində bir çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər.

Bu ilin aprel ayında Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı bu birlik və həmrəyliyin parlaq ifadəsi olmaqla yanaşı, həm də milli həmrəyliyimizin banisi ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyalarının uğurla gerçəkləşdirildiyinin bariz nümunəsidir. Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etdi. Qurultay azərbaycanlıların vahid və monolit qüvvə kimi təşkilatlanması prosesinin respublikanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini təsdiqləməklə bərabər, diaspor və lobbi quruculuğu siyasətinin ardıcıl xarakter daşıdığını, yeni dünya nizamının geosiyasi reallıqlarına cavab verdiyini nümayiş etdirdi.

Bu gün Azərbaycan dövləti düşünülmüş strategiyaya əsaslanan vahid bir xətt üzrə idarə olunur. Xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi, onların işinin koordinasiya olunması və ümumən diaspor işinin təşkili də dövlət siyasətinin tərkib hissəsidir və bu istiqamətdə bütün işlər xüsusi fəaliyyət planlarına və proqramlara əsaslanır. Bu gün istər xarici ölkələrdə yaşayan, istərsə də Azərbaycandakı soydaşlarımızın qarşısında dəqiq müəyyən edilmiş vəzifələr var. İnanırıq ki, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizin və Prezidentimizin müəyyən etdiyi yolda inamla addımlayacaq və Azərbaycan diasporunun fəaliyyəti daha sürətlə canlanacaq. Bunu zaman tələb edir, xalqımızın və dövlətimizin maraqları tələb edir. Bu, eyni zamanda, dövlətimizin başçısının, sayı 50 milyona çatan dünya azərbaycanlılarının liderinin tövsiyəsidir.

Müşfiq Səfərov,

Salyan rayon Yenikənd kənd inzibati

ərazi dairəsi üzrə nümayəndənin müavini, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir