Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ulu Öndərin azərbaycançılıq məfkurəsinin, millət quruculuğunun rəmzidir

Baş səhifə

 

Harada yaşamağımızdan, hansı ölkədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq ürəklərimizdə azərbaycanlı olmağın qüruru, sevinci var. Biz azərbaycanlı olaraq ali, böyük, qüdrətli, qəhrəman və qədirbilən xalqıq. Bizim üçün hər şeydən öncə Vətən anlayışı, azərbaycançılıq məfkurəsidir. Məhz bu şərəfli amalla aşa bilməyəcəyimiz heç bir əngəl yoxdur. Birliyimiz, həmrəyliyimiz, nicatımız xilasımızdır. Bu birliklə 44 gün ərzində tariximizin ən şərəfli səhifəsini yazaraq yenilməz olduq.

Bizə bir yumruq kimi birləşməyi, həmrəy olmağı, Vətəni sevməyi və onun uğrunda ölməyi ən böyük azərbaycanlı, ümummilli lider Heydər Əliyev öyrədib. Ürək ağrısı ilə qeyd etmək olar ki, bütün tarix ərzində heç zaman diaspora olaraq təşkilatlanmamış, dağınıq, kortəbii şəkildə fəaliyyət göstərmişdik. Bu bir həqiqətdir ki, həmvətənlərimiz ulu öndər Heydər Əliyevin 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasında qəbul etdiyi tarixi qərardan sonra mütəşəkkil qüvvəyə çevrilə bildilər. Belə bir tarixi qərarı – bölünmüş, parçalanmış bir xalqın həmrəyliyinə nail olmaq missiyasını məhz xalqın lideri ola biləcək tarixi şəxsiyyət Heydər Əliyev qəbul edə bilərdi. Zaman və məkan növbəti dəfə bu dahi insanın nə qədər haqlı, müdrik, vətənpərvər və uzaqgörən olmağına şahidlik etdi. Düşmən fitnələri qarşısında əliyalın, çarəsiz qalan, bir istinadgahı, güvənc yeri olmayan həmvətənlərimiz bundan sonra təşkilatlanmağa, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmağa başladılar. Bu addımla əvəzolunmaz lider Heydər Əliyev gələcək böyük qələbələrimizin təməllərini atmış oldu.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bu əlamətdar gün millətimizin birlik şüarının simvolik günüdür. Hər bir soydaşımız üçün əziz olan bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik günü dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız üçün çox əlamətdar bayrama çevrilib. Hazırda həmrəylik gününü, hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev  dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.

Ulu öndərin milli həmrəylik sahəsində yorulmaz xidmətlərini uğurla davam etdirən Prezident İlham Əliyev dövlətimizin başçısı kimi ilk çıxışında bütün dünya azərbaycanlılarının Prezidenti olacağını bəyan etməklə milli birlik, həmrəylik tariximizdə tamamilə yeni bir səhifə başladıb. Diaspor işinin daha sıx birləşdirilməsi, siyasi-iqtisadi gücə çevrilməsi üçün mühüm addımlar atılıb. İlham Əliyevin azərbaycançılıq siyasəti nəticəsində diasporumuz dünyada mühüm qüvvəyə çevrilib, erməni təbliğatının iç üzü açılıb. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib.

Aparılan siyasət nəticəsində diasporamız təkcə dünya azərbaycanlılarının deyil, bir çox hallarda türk-islam aləminin həmrəylik-güc mərkəzinə çevrilib. “Mən azərbaycanlıyam!” deyən hər bir azərbaycanlı bu günün mahiyyətini yaşam fəlsəfəsi bilir, ömrünü bu fəlsəfənin işığında yaşayır. Xalqımız 21 ildir belə kəlamların bəşəri dərkinin cazibəsində yaşayır, azərbaycançılıq üçün yaşayır, dövlətçiliyimizin qorunması, müstəqilliyimiz uğrunda çalışır. Azərbaycançılıq ideologiyasında ruhlanan xalqımız və onun ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. 44 günlük Vətən müharibəsində dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs savaşımız zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrinin təxribatlarına qarşı cəsarətli etirazları, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin göstərilməsi işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu.

 

 

 

Lalə Məmmədova,

Salyan şəhər 2 saylı tam ota məktəbin müəllimi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir