Geosiyasi vəziyyət ABŞ-Türkiyə münasibətlərinin normal axara qayıtmasını tələb edir – ŞƏRH

Dünya

Ehtimal edilir ki, Ankara ilə Təl-Əviv arasında əlaqələrin yaxşılaşması amerikalı konqresmenlərin “F-16” qırıcılarının Türkiyəyə satılması ilə bağlı qərarına müsbət təsir göstərib.  Türkiyə-ABŞ əlaqələrinin tarixi haqda məlumatı olan ekspertlər bilirlər ki, Konqresin Türkiyə ilə bağlı mövqeyini, əsasən, yəhudi lobbisi formalaşdırır.  

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik

Bu yaxınlarda ABŞ Dövlət Departamenti “F-16” qırıcılarının Türkiyəyə satışı ilə bağlı Konqresə məktub göndərib. Dövlət Departamentinin qanunvericilik-konqres əlaqələri üzrə müşavirinin köməkçisi Naz Durakoğlunun imzası olan sənəddə bu qırıcıların Ankaraya ixracının Vaşinqtonun maraqlarına uyğun olduğu və NATO-nun uzunmüddətli birliyinə xidmət edəcəyi vurğulanıb. Doğrudur, son illərdə, xüsusilə Co Bayden ABŞ prezidenti seçildikdən sonra iki dövlət arasında münasibətlərdə gərginlik yaranıb. Amma Ukrayna ilə Rusiya arasındakı müharibə, Ankaranın Kiyevə dəstəyi Ağ evi Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa sövq edib. Dövlət Departamentinin Konqresə ünvanladığı son məktubdan sonra istər amerikalı, istərsə də türkiyəli siyasi ekspertlər Ankara-Vaşinqton əlaqələrinin gələcəyi ilə bağlı nikbin fikirlər səsləndirirlər.

Türkiyənin vacib rolu

ABŞ mərkəzli nüfuzlu düşüncə quruluşu olan “Heritage” Fondunun Xarici Əlaqələr üzrə direktoru Lyuk Koffi ingilisdilli “Arab News” nəşrində dərc olunan son məqaləsində qeyd edir ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması İkinci Dünya müharibəsindən sonra Transatlantik regionunda ən ciddi geosiyasi böhran yaradıb: “Odur ki, NATO hərbi blokunun Şərqi Avropada formalaşan yeni reallıq fonunda dünyadakı rolunu yenidən nəzərdən keçirməsi təəccüblü deyil”. 

Amerikalı siyasi ekspertin sözlərinə görə, Türkiyə isə NATO-nun fəaliyyətində mərkəzi rol oynayır: “Məsələn, Ankaranın Qara dəniz ilə Aralıq dənizini birləşdirən boğazlara nəzarət etməsi “soyuq müharibə” dönəmində regional təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edib. Bundan əlavə, 1990-cı illərdə Balkan böhranı zamanı Türkiyə qoşunları sülhməramlı əməliyyatda vacib rol oynayıb”. 

Müəllif qeyd edir ki, amma Türkiyə ilə ABŞ arasında 80 illik güclü ikitərəfli əlaqələr son illərdə dalana dirənib. Qeyd edək ki, buna səbəb Ankaranın Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri əldə etməsi, ABŞ-ın Türkiyəni “F-35” proqramından çıxarması, Vaşinqtonun Suriyanın şimalında Türkiyənin terrorçu təşkilat hesab etdiyi YPG-yə dəstək verməsidir. Digər tərəfdən, L.Koffinin fikrincə, hətta iki dövlət arasında fikir ayrılıqlarına baxmayaraq, indi Avropada yaranan geosiyasi vəziyyət ABŞ-Türkiyə münasibətlərinin normal axara qayıtmasını tələb edir.    

Ankara və Vaşinqton real hədəflərə köklənməlidir 

Amerikalı siyasi ekspert qeyd edir ki, hazırkı məqamda Ankara ilə Vaşinqton real və əldə edilə bilən hədəflərə köklənməlidir. Müəllifin sözlərinə görə, birinci hədəf Ukrayna ilə bağlıdır, çünki Ankara bu ölkənin ərazi bütövlüyünü dəstəkləyir, Ukraynaya “Bayraktar” dronları ixrac edir. Onun sözlərinə görə, Türkiyə istehsalı olan bu dronlar İkinci Qarabağ müharibəsində, Suriyada, Liviyada, indi isə Ukraynada effektiv olduğunu sübuta yetirib.

L.Koffi xatırladır ki, gələn ay Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfər edəcək və amerikalı həmkarı Entoni Blinkenlə danışıqlar aparacaq: “Şübhəsiz, Ukrayna məsələsi türkiyəli və amerikalı yüksək rütbəli rəsmilərin görüşündə gündəmdəki əsas mövzu olacaq. Odur ki, hər iki tərəf bu məsələdən etimadı gücləndirmək üçün istifadə etməlidir”. 

Ankaranın enerji təhlükəsizliyinə töhfəsi 

Amerikalı siyasi ekspertin fikrincə, ikinci hədəf NATO-nun gələcəyi ilə bağlıdır: “Hər iki tərəf hərbi blokun uğurlu gələcəyə sahib olmasında ümumi maraqları bölüşür. Ankara ilə Vaşinqton arasında problemlərə rəğmən, onlar NATO çərçivəsində əməkdaşlığı davam etdirirlər. Hazırda Avropada bir çox dövlətlər NATO-nun genişləndirilməsi ilə bağlı tərəddüd etsələr də, ABŞ ilə Türkiyə bu məsələnin mühüm əhəmiyyətə malik olduğunu düşünürlər”. 

L.Koffi üçüncü hədəf kimi ABŞ-ın Avropanın enerji təhlükəsizliyi məsələsində Türkiyə ilə əməkdaşlıq etməsini göstərir: “Cənubi Qafqaz, Xəzər dənizi hövzəsi və Mərkəzi Asiyada – bu regionlarda Ankara ilə Vaşinqtonun ümumi və üst-üstə düşən maraqları var. Onlar Rusiya və Çinin sadalanan regionlarda artan iştirakına şübhə ilə yanaşırlar. ABŞ Avropa ölkələrinin buradakı enerji resurslarından istifadə etməsini istəyir. Məqsəd Rusiyadan asılılığın azaldılmasıdır. Türkiyəyə gəlincə, o, enerji qovşağına çevrilməyə can atır. Odur ki, Vaşinqton Ankaradan xahiş edə bilər ki, Türkiyə Azərbaycan və Türkmənistanın Transxəzər kəmərinin tikintisinə razı olması üçün öz nüfuzundan istifadə etsin. Söhbət Mərkəzi Asiyanın “mavi yanacağı”nı Avropa bazarlarına nəql edəcək kəmərdən gedir”. 

Müəllif sonda qeyd edir ki, “Transatlantik təhlükəsizlik naminə ümid edək ki, Türkiyə ilə ABŞ əməkdaşlıq etmək üçün sahələr tapa və münasibətlərini bərpa edə biləcək”.

Yəhudi lobbisinin təsiri 

Məlum olduğu kimi, son dönəmdə Türkiyə ilə İsrail arasında münasibətlər də normallaşır. Üstəlik, ABŞ Konqresinin Türkiyə ilə bağlı qərarlarında yəhudi lobbisinin güclü təsirinin olması da sirr deyil. Türkiyənin “Yeni Şafak” qəzetinin yazarı Mehmet Acetin fikrincə isə, Ankara ilə Təl-Əviv arasında əlaqələrin yaxşılaşması amerikalı konqresmenlərin “F-16” qırıcılarının Türkiyəyə satılması ilə bağlı qərarına müsbət təsir göstərə bilər. O qeyd edir ki, Türkiyə-ABŞ əlaqələrinin tarixi haqda məlumatı olan ekspertlər bilirlər ki, Konqresinin Türkiyə ilə bağlı mövqeyini, əsasən, yəhudi lobbisi formalaşdırır.  

Digər tərəfdən, M.Acet hesab edir ki, iki dövlət arasında son dönəmdə cərəyan edən proseslər Türkiyə-ABŞ gərginliyinin keçmişdə qaldığını göstərir: “Amma bu münasibətlərin hələ güclü təməl üzərində olduğunu deyə bilmərik”. 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir