“Dedpul” idman dünyasına “atılır” – FOTO

Dünya

Kanadalı aktyor Rayan Reynolds Milli Hokkey Liqasının (NHL) “Ottawa Senators” klubunu ala bilər.

Məlumata görə, mart ayında “Ottawa Senators”un ölən sahibi Yucin Melnikin qızları hokkey klubunu satmaq niyyətindədirlər. “Ottawa” azarkeşi olan Reynolds da klubun satılacağı təqdirdə komandanın başqa şəhərə köçürülə biləcəyindən ehtiyat edir.

Qeyd edək ki, 2021-ci ildə Reynolds aktyor yoldaşı Rob Makelhennlə birlikdə İngiltərənin beşinci divizionunda çıxış edən “Wrexham” futbol klubunun sahibi olub. Yeni sahiblərin müqavilənin şərtlərinə uyğun olaraq kluba iki milyon funt sterlinq sərmayə qoyduqları bildirilir.

1864-cü ildə təsis edilən “Wrexham” Uelsin ən köhnə klubudur.

Kanada əsilli amerikalı aktyor və film prodüseri Rayan Rodni Reynolds “Sadəcə dostlar” (“Just Friends”), “Hə, yox, yəqin ki” (“Definitely, Maybe”), “Təklif” (“The Proposal”), “Amitivil dəhşəti” (“The Amityville Horror”), “X-Men: Başlanğıc. Gəlincik” (X-Men Origins: Wolverine), “Diri-diri basdırılan” (“Buried”) və sair filmlərindəki rolları ilə tanınıb. Ancaq “Deadpool”, “Deadpool 2” filmlərindəki rolu ona daha böyük uğur gətirib.

Mənbə: People Magazine