Bakıda daha bir beynəlxalq turnirə start verildi

İdman

Bakıda kişi və qadın idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə ilk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Daha sonra gənclər və idman nazirinin müavini Mariana Vasileva tədbir iştirakçılarını salamlayaraq, Dünya Kubokunu açıq elan edib. O bildirib ki, 34 ölkədən 145-ə yaxın gimnast bu yarışda mübarizə aparacaq.

Qeyd edək ki, dörd gün davam edəcək yarışın ilk iki günündə təsnifat, sonrakı günlərdə isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Dünya Kubokunda Azərbaycanı Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simonov (haqla), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya Kubokunun üç mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya Kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən, dörd yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG Kuboku təqdim ediləcək.

Qeyd edək ki, 31 mart – 3 aprel tarixlərində keçiriləcək yarış hər gün saat 12:00-da başlayacaq.

Xatırladaq ki, daha əvvəl mart ayında Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatı keçirilmişdi.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir