“Rauf Məmmədov özü yazdığı postla bağlı fikirlərinə ətraflı izah verdi. Fikrimcə, onun açıqlamasından sonra əlavə şərhə ehtiyac yoxdur”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.
AŞF rəhbəri əvvəlcə Azərbaycan şahmatçılarının Sloveniyadakı şəxsi Avropa çempionatında yüksək nailiyyətlərindən danışıb:
“İlk növbədə şahmatçılarımızın ötən gün rəsmiləşdirdiyi uğuru qeyd etmək istərdim. Təmsilçilərimiz Sloveniyadakı şəxsi Avropa çempionatında yüksək nəticəyə nail olmaqla bizi sevindirdilər. Vasif Durarbəyli 8 xal toplamaqla yekunda 3-8-ci yerləri bölüşdürdü. Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-11-ci yerlərdə qərarlaşdı.
İlk dəfə olaraq qitə birinciliyinin nəticələrinə əsasən, 4 təmsilçimiz – Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.
Üstəlik üç şahmatçımız fərdi normativləri yerinə yetirib. Son turda parlaq qələbə qazanan Read Səmədov ilk, Abdulla Qədimbəyli isə qrossmeyster üzrə ikinci normativini toplayıb. Abdulla karyerasında ən yaxşı turnirlərdən birini keçirdi və çempionatda uzun müddət liderlər qrupunda mübarizə apardı. Bununla yanaşı Gövhər Beydullayeva xanımlar arasında ən yaxşı nəticəni göstərib və qadınların qrossmeyster üzrə son normasını yerinə yetirib”.
Daha sonra M.Məmmədov milli komandanın üzvü Rauf Məmmədovun FIDE bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı yazdığı fikirlərə münasibət bildirib. FIDE-nin vitse-prezidenti də olan Məmmədov deyib:
“FIDE rəhbəri Arkadiy Dvorkoviçə gəlincə, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Ukraynadakı hadisələrə münasibətini aydın şəkildə göstərib, tamamilə sülh tərəfdarı olduğunu söyləyib. Dvorkoviç fikirlərinin böyük çətinliklərlə üzləşən Ukraynanın dinc əhalisinin yanında olduğunu bildirib. İdmançıya yaraşmayan açıqlamalarla gündəmə gələn Rusiya şahmatçısı Sergey Karyakin FIDE tərəfindən tənqid olunub və sanksiyaya məruz qalıb. Karyakin ən azı 6 ay şahmat yarışlarından uzaqlaşdırılıb. FIDE ailəsi heç vaxt hərbi hadisələrin tərəfdarı olmayıb və sülhün bərqərar olmasını arzulayır”.
www.102info.az