Zəngilan hava limanının tikintisində yerli materiallardan istifadə olunub – FOTO

İqtisadiyyat

İşğaldan azad edilmiş ərazilərimizdə intensiv reinteqrasiya tədbirləri həyata keçirilir, şəhər və kəndlər yeni görkəmdə bərpa edilir, müasir sosial-iqtisadi infrastruktur layihələri reallaşdırılır. Bütün bunlar isə biznesin genişlənməsinə və inkişafına əlverişli şərait yaradır.

Oxu.Az xəbər verir ki, yerli istehsalçıların cəlb edilməsi ilə iqtisadi dəyərin yaradılması və sənaye sektorlarının inkişafına dəstək göstərilməsi bu sahədə əsas prioritetlərdəndir.

Bu istiqamətdə görülən işlərə nümunə olaraq isə Zəngilan Beynəlxalq Hava Limanının tikintisində Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Archi Glass” MMC-nin istehsal etdiyi multifunksional (LOWE) şüşə paketlərdən istifadə edilməsini göstərmək olar. Belə ki, “Archi Glass” MMC sifarişçiyə 3800 kvadrat metr həcmində emal olunmuş şüşə paketlərin göndərilməsini təmin edib. Məhsulların hazırlanmasında xammal kimi Sumqayıt Kimya Sənaye Parkının digər rezidenti – “Azerfloat” QSC-nin istehsalı olan 5 millimetrlik şüşə vərəqələrdən də istifadə olunub.

Qeyd edək ki, azad edilmiş ərazilərimizdə iqtisadi fəaliyyətin əlverişli biznes mühitinə əsaslanmaqla canlandırılması, həyata keçirilən layihələrdə yerli şirkətlərin iştirakına önəm verilməsi istehsalın genişlənməsinə, yeni iş yerlərinin açılmasına, ümumilikdə iqtisadi artıma əlavə stimul yaradır.