Azərbaycan və Almaniya XİN başçıları danışıqlarda: Nələr müzakirə edildi?

Siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Berlində Almaniyalı həmkarı Annalena Beerbok ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlərin inkişafı, enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, o cümlədən Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb.

Görüş zamanı cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasına istinad edilib, ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Ceyhun Bayramov regiondakı son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə dair məlumat verib. Habelə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışı ilə bölüşüb. Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı vurğulanıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparıblar.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir